28 aprel 2025 18:24
180

Daşkəsəndə Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib

Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının, Daşkəsən rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin və Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlardan, qazandığı elmi nailiyyətlərdən və Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açıb.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında deyib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq Zərifə xanım Əliyeva həmişə özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının yüksək mənəvi keyfiyyətlərini yaşadırdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi.

Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mirzəkərim Tağıyev isə akademik Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, fundamental əsərlərinin Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil etdiyini, keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Sonra Akademik Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub, “Akademik Zərifə xanım Əliyeva – 102” adlı kitab sərgisinə baxış keçirilib.

Sonda bir qrup partiya fəalına fəxri fərmanları təqdim olunub.