28 aprel 2025 16:01
117

Bakıda 3 günlük “CryptoA2Z” təlim proqramı keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” və dünyanın aparıcı kriptovalyuta tədris platformalarından olan “Binance Academy”nin birgə təşkilatçılığı ilə “İnnovasiyalar Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “Blokçeyn Təlim Mərkəzi”ndə 3 günlük intensiv “CryptoA2Z” təlim proqramı keçirilib.

“İki sahil” xəbər verir ki,  bu təşəbbüs ötən il 4SİM və "Binance" şirkəti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilib. Memorandumun əsas məqsədi Azərbaycan gənclərini və mütəxəssislərini Web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etməkdir.

Bu əməkdaşlıq çərçivəsində kurikulumların hazırlanması, sənaye ekspertləri tərəfindən mühazirələrin keçirilməsi və təlimçilər üçün birgə seminarların təşkili kimi fəaliyyətlər nəzərdə tutulur.

Aprelin 25-dən 27-dək davam edən, kriptovalyuta və blokçeyn texnologiyalarına maraq göstərən, həmçinin bu sahəyə yeni başlayan şəxslər üçün nəzərdə tutulan təlimlərə ölkə üzrə qeydiyyatdan keçmiş 160-dan çox iştirakçı qatılıb.

Tədris proqramının əsas məqsədi Azərbaycanda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində ictimai maarifləndirməni artırmaq, rəqəmsal maliyyə alətlərinin praktiki əhəmiyyətini nümayiş etdirmək və bu sahədə yerli və beynəlxalq əməkdaşlıq perspektivlərini gücləndirməkdir.

Təlim proqramı çərçivəsində iştirakçılara kriptovalyutanın yaranma tarixi, əsas anlayışları və blokçeyn texnologiyasının işləmə prinsipləri – o cümlədən desentralizasiya, şəbəkə strukturu və tranzaksiya prosesləri barədə ətraflı məlumat verilib. Proqramda həmçinin kripto təhlükəsizliyi, istifadəçi məlumatlarının qorunması yolları, eləcə də memkoinlər, DeFi (desentralizasiya olunmuş maliyyə), NFT və Web3 texnologiyaları ilə bağlı ilkin biliklər də əhatə olunub. Təlim iştirakçıları praktiki şəkildə kripto hesabların yaradılması və istifadəsi ilə tanış olub, kriptonun real həyatdakı tətbiq sahələri və iqtisadi imkanları ilə bağlı nümunələr üzərində işləyiblər. Eyni zamanda, proqramda bu sahədə karyera perspektivləri və innovativ startap imkanlarına dair faydalı istiqamətlər təqdim edilib.

Təlimlər interaktiv və praktiki yanaşma əsasında aparılıb. İştirakçılara kripto hesablar və tranzaksiya prosesləri barədə məlumat verilib, viktorinalar, oyunlar və sual-cavab sessiyaları təşkil edilib.

Proqramın sonunda aktiv iştirakçılara “Binance” şirkəti tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyələr və platformada depozit imkanları təqdim olunub.