28 aprel 2025 00:33
131

Gəncədə “Sağlamlığa Doğru Qaç!” layihəsi uğurla keçirildi

27 aprel 2025-ci il tarixində Gəncə şəhərində səhiyyə işçiləri və Tibb Kolleci tələbələrinin iştirakı ilə “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqaları İdman Təşkilatları Assosiasiyası (AHİTA), Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr olunan layihənin əsas məqsədi səhiyyə işçilərinin fiziki sağlamlığının təşviqi, asudə vaxtlarının səmərəli təşkili və həmrəyliyin gücləndirilməsi olub.

5 km məsafəni Gəncə, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından 150-yə yaxın iştirakçı uğurla tamamlayıb.

Yarışın sonunda qadınlar və kişilər arasında ilk üçlükdə yer alan iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.

Tədbirin bədii hissəsində Gəncə Tibb Kollecinin “Lalələr” rəqs qrupunun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çay süfrəsi ilə yekunlaşıb, iştirakçılar arasında bayram əhval-ruhiyyəsi yaşanıb.

AHİTA olaraq biz də sağlam həyat tərzinin təşviqi məqsədilə bu layihənin bir parçası olmaqdan qürur duyuruq!