Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə: İctimai sağlamlığın təmini immunizasiya ilə başlayır
“İmmunlaşdırma yalnız fərdi sağlamlıq deyil, həm də ictimai sağlamlığın təməlidir. Peyvəndlər sayəsində biz uşaqlarımızı bir sıra ağır və həyat üçün təhlükəli olan xəstəliklərdən – difteriya, qızılca, göyöskürək, poliomielit və digər yoluxucu infeksiyalardan qoruya bilirik. Statistik göstəricilər təsdiqləyir ki, vaxtında aparılan peyvəndlər hər il 2-3 milyon insanın həyatını xilas edir.
Bu fikirləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.
Pediatr qeyd edib ki, peyvəndləmə həm də “kollektiv immunitet” anlayışını formalaşdırır. Bu, o deməkdir ki, əhalinin böyük əksəriyyəti peyvənd olunduqda, peyvənd oluna bilməyən – immun çatışmazlığı olan, onkoloji xəstəliyi olan və ya allergiyaya görə peyvənd ala bilməyən insanlar da dolayısı ilə qorunur. Bu baxımdan hər valideynin sosial məsuliyyət daşıdığını unutmaması vacibdir.
“Bu gün Azərbaycan Respublikası peyvənd təqvimi üzrə geniş spektrdə vaksinasiya aparır. Hepatit B, vərəm, poliomielit, difteriya, tetanus, göyöskürək, Hib infeksiyası, qızılca, məxmərək, parotit və s. əleyhinə peyvəndlər ölkəmizdə dövlət hesabına və yüksək təhlükəsizlik standartlarına uyğun olaraq tətbiq olunur”, - deyə tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.
Xüsusilə vurğulamaq istəyirəm ki, peyvəndlərdə istifadə olunan antigenlər və əlavələr bir çox beynəlxalq yoxlamalardan keçir və onların təhlükəsizliyi, effektivliyi sübut olunub. Peyvəndlər haqqında yayılan miflər və dezinformasiyalar elmi əsaslara deyil, qorxu və fərziyyələrə söykənir. Buna görə valideynlərə tövsiyəmiz odur ki, yalnız rəsmi mənbələrə və mütəxəssis fikirlərinə əsaslansınlar.
“Hər il olduğu kimi 2025-ci ildə də “Ümumdünya İmmunlaşdırma Həftəsi” zamanı Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) peyvəndlərin həyat xilasedici gücünü vurğulamaqla qlobal sağlamlıq ictimaiyyətinə qoşulur. Eyni zamanda, Azərbaycan Pediatrlar Assosiasiyası da immunizasiyanın cəmiyyətin sağlamlığına təsirini vurğulamaq və peyvəndlərin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq məqsədilə 30 idir üzvü olduğu IPA-nın təşəbbüsünə qoşulur. ÜST və tərəfdaşlar immunizasiya proqramlarının gücləndirilməsi, peyvənd bərabərsizliyinin aradan qaldırılması və peyvəndlərə inamın bərpa olunmasının təcili ehtiyacını vurğulamaqda davam edir. Unutmayaq ki, ictimai sağlamlığın təmini immunizasiya ilə başlayır”, - deyə APA sədri qeyd edib.
Təranə Tağı-zadə əlavə edib ki, “İmmunlaşdırma Həftəsi” bir fürsətdir ki, biz bu sahədə maariflənməni artıraq və hər bir uşağın, elcə də hər yaşdan insanların sağlam gələcəyi üçün bir addım da ataq. Valideynləri peyvənd tarixçəsinə yenidən baxmağa, övladlarının peyvənd təqvimində gecikmələr varsa, yerli kilnikalara və ya sahə pediatrına müraciət etməyə çağıraq. Çünki xəstəliklərə qarşı ən güclü silah vaxtında edilən peyvəndlərdir.”