Gəncə Şəhər İcra Hakimiyyətinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncədəki Heydər Əliyev Mərkəzində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət olunub və önünə gül dəstələri qoyulub.
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi Zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov tədbirin əhəmiyyətindən bəhs edib, Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını, həmin günlərdə Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, dəyanət və mübarizlik nümayiş etdirdiyini bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibədə hərbi əməliyyatlarda iştirak edən 700 mindən çox azərbaycanlının təxminən yarısı həlak olub. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə soydaşımız müxtəlif orden və medallarla təltif olunub. 1945-ci ildə alman faşizmi üzərində qələbədə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də möhtəşəm Zəfər qazanaraq qəhrəmanlıq ənənəsinə sadiqliyini bir daha nümayiş etdirib. İllər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlar gətirib, həmin müharibənin iştirakçısı olan atası ilə bağlı xatirələrini bölüşüb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. O, gəncləri xalqımızın qəhrəmanlıq tarixini öyrənməyə çağırıb və onların hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində ardıcıl iş aparmağı tövsiyə edib.