“Space TV”nin efirində Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı kanala xəbərdarlıq edilib. Aparıcının bu qərara reaksiyası isə sərt olub.
“İki sahil” xəbər verir ki, T.Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”, - aparıcı paylaşımında bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd olunması ilə bağlı Audiovizual Şuradan kanala eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcəyi bildirilib.
Televiziya kanalında ağır cinayətə görə həbs olunan meyxanaçının ad gününün qeyd edilməsi sosial mediada birmənalı qarşılanmayıb.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.