25 aprel 2025 11:27
102

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə aprelin 28-də akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, ənənəvi xarakter daşıyan konfrans yerli və xarici mütəxəssislərin təcrübə mübadiləsi üçün mühüm platformadır. Konfransda oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və tibbi texnologiyaların müzakirəsi aparılacaq. Tədbirin əsas məqsədi oftalmologiyanın aktual məsələləri, yeni diaqnostika və müalicə metodlarının təhlili, eyni zamanda, gələcək hədəflərin müəyyən edilməsidir.

Tədbirdə Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən gəlmiş oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcək, fikir mübadiləsi aparacaqlar. Həmçinin konfransda Rusiya, Türkiyə, İtaliya, Gürcüstan və digər ölkələrdən də tanınmış mütəxəssislər iştirak edəcək, öz təcrübələrini bölüşəcəklər.

Eyni zamanda, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin fəxri prezidenti Sunay Duman “Akademik Zərifə Əliyevanın işığında oftalmologiyanın gələcəyi”, Milli Oftalmologiya Mərkəzinin direktor müavini tibb elmləri doktoru, dosent Hicran Namazova “Akademik Zərifə Əliyevanın zəngin elmi irsi və müasir oftalmologiyanın inkişafı”, Türk Oftalmoloji Dərnəyinin rəhbəri professor Hüban Atilla “Ambliopiya: yeni müalicə üsulları” mövzularında məruzələrlə çıxış edəcəklər.