12 sentyabr 2017 14:19
9432

Kolleci bitirən tələbələrin böyük əksəriyyəti ixtisasları üzrə iş tapa bilirlər

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzovdur

- Azərbaycan Dövlət Pedaqoji Kolleci üçün ötən tədris ili nələrlə yadda qaldı və yeni tədris ilinə hazırlıq prosesi necə gedir?

- Əvvəlcə, “İki sahil” qəzetinin bütün oxucularını yeni dərs ilinin başlaması münasibətilə ürəkdən təbrik edirəm. Xüsusilə də bu il birinci sinfə qədəm qoyan balacaları, onların valideynlərini, eyni zamanda, istər kolleclərdə, istərsə də ali məktəblərdə təhsil almaq imkanı əldə edən tələbələri təbrik edirəm. Çünki təhsil hər bir ailəni, cəmiyyətin hər bir təbəqəsini əhatə edən faktordur. Bildiyiniz kimi, Azərbaycan Dövlət Pedaqoji Kolleci Azərbaycanın ən böyük orta ixtisas təhsili müəssisəsidir.  2016-cı ilin fevralında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı olaraq keçmiş Sənaye Pedaqoji Kolleci və Azərbaycan Dövlət Pedaqoji kolleci birləşdirilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırıldı (ADPK). Çoxmilli tələbə kontingentinə və iki tədris korpusuna malik olan bu kollecdə geridə qoyduğumuz 2016-2017-ci tədris ilində 4 minə yaxın tələbə təhsil alırdı. Məlumat üçün qeyd edim ki, bu tədris ilində 3 min 300-ə yaxın tələbə kollecimizdə yeni dərs ilinə başlayacaq. Kollecin adından da göründüyü kimi, biz pedaqoji sahədə işləmək üçün kadrlar hazırlayırıq. Bu gün Azərbaycanda təhsil sahəsində ciddi struktur dəyişiklikləri gedir, islahatlar aparılır. Təbii ki, bu dəyişikliklər və islahatlar da öz növbəsində son illər ümumdünya təhsil prosesində olan dəyişikliklərlə bağlıdır. Əgər Azərbaycan bu dəyişikliklər fonunda templə ayaqlaşa bilməsə və biz dünyada gedən dəyişiklilərlə bağlı apardığımız işləri sinxronlaşdıra bilməsək, təbii ki, bu ciddi rəqabət dünyasında uduza bilərik.

Təsadüfi deyil ki, cənab Prezident müxtəlif təhsil müəssisələrinin açılışlarında iştirakı zamanı dəfələrlə bəzi inkişaf etmiş Avropa ölkələrini misal göstərərək söyləmişdir ki, bu ölkələr heç də təbii resurslarla zəngin olan ölkələr deyildir. Bu baxımdan təhsilin inkişafı, bu sahəyə göstərilən qayğı hər zaman prioritetdir.

- Qulu müəllim, bu gün kolleclərə olan maraq hansı səviyyədədir?

- Təhsilini kollecdə davam etdirənlərin 80 faizi 9-cu sinif bazasından gələnlərdir. Qalan 10-15 faiz kontingent isə 11-ci sinif bazasından üz tutanlardır. Kollecə müraciət edən tələbələrin akademik səviyyələri barədə müxtəlif fikirlər söyləyirlər. Guya bu uşaqlar zehni cəhətdən zəif olurlar, onların potensialları kifayət qədər olmadığından ali məktəblərə yox, kolleclərə müraciət edirlər. Bu fikirlərlə birmənalı olaraq razı deyiləm. Birincisi, kollec təhsili alan gənclər artıq gələcəkləri barədə daha tez qərar vermiş olurlar.

- Kolleclərin gənclərin həyatındakı rolu barədə nə deyə bilərsiniz? 

- Təəssüf ki, cəmiyyətdə belə bir fikir var ki, yalnız universitet peşəkar kadr hazırlamaq iqtidarındadır. Məgər ali məktəbləri bitirən bütün tələbələr doğrudanmı bitirdikləri ixtisaslar üzrə işləyirlər?! Bəs kollecə cəlb olunmayan və ali təhsil almayan minlərlə tələbənin, gəncin gələcəyi necə olacaq? Onlar harda olacaqlar? Axı onlar da bu cəmiyyətin üzvləridir. Təbii ki, həmin gənclərin də istər təhsil, istər daşıdığı dəyərlərə sadiqlik, istərsə də mənəviyyat  baxımdan yetkin insan olması yaxşıdır. Əvvəla, kolleci bitirən tələbələrin böyük əksəriyyəti ixtisasları üzrə iş tapa bilirlər. ADPK-nın bitirən məzunlar heç də peşə bacarıqları baxımından universitet məzunlarından geri qalmırlar. Əksinə, kollecdə yetərincə savadlı, gələcəyin əsl ixtisaslı kadrı olmaq yolunda inamla irəliləyən tələbələrimizin sayı çoxdur. Eləcə də kolleclər təhsili savadlı, peşəkar, zamanın nəbzini tuta bilən kadrlar hazırlamaq iqtidarındadır.

- Bəs müəllimlərin kadr hazırlığı hansı səviyyədədir?

- Olduqca vacib bir məqama toxundunuz. Təbii ki, əgər müəllim kontingentimiz lazımi səviyyədə təhsil verməyə hazır deyilsə, qarşıya qoyulan məqsədə çata bilmərik. Bu, birmənalıdır. Bu istiqamətdə bizim üçün əsas məsələ müəllimlərin peşəkar hazırlığı məsələsidir. Ötən dərs ilində kollecimizin gördüyü işlərin  prioriteti müəllimlərin peşə hazırlığının yüksəldilməsi oldu. Qətiyyətlə deyirəm ki, Azərbaycanda elə bir təhsil müəssisəsi yoxdur ki, ADPK-nın 2016-2017-ci tədris ilində cəlb olunduğu qədər təlimə cəlb olunsun. Orta hesabla müəllimlərimiz 3-5 arası müxtəlif təlimə cəlb olunublar. Təhsil İnstitutu ilə imzaladığımız razılaşma çərçivəsində üç kateqoriyada  müxtəlif nominasiyalı təlimlər olur. Kollecimizdə müəllimlərin mütəmadi peşəkar hazırlığa cəlb edilməsi məsələsi müəllimin fəaliyyətinin ayrılmaz bir hissəsidir. Ola bilər  ki, bəzən müəllimlər bundan narazı qalsınlar, təlimlərin çoxluğundan şikayətlənsinlər. Amma qarşıya qoyulan hədəflərə çatmaq üçün bu, mütləq lazımdır.

- İstər Bakının mərkəzində, istərsə də ucqar dağ kəndində yaşayan hər bir azərbaycanlı valideynin istəyi övladına ali təhsil verməkdir. Bu, ölkəmizdə təhsil mədəniyyətinin yüksək səviyyəsindən xəbər verir, deyə bilərikmi?

- Əgər uşağın bacarığına uyğun olaraq ona gələcək peşəsini seçməkdə kömək edə bilmiriksə, bunun özü də təhsil mədəniyyətində müəyyən bir boşluğun olmasından xəbər verir. Təhsil mədəniyyəti haqqında qısa bir istinad vermək istərdim. Avstraliyada orta təhsil sistemində aparılan araşdırma nəticəsində məlum olub ki, Avstraliya məktəblərində çin əsilli şagirdlər yerli şagirdlərdən daha artıq akademik göstəricilərə malikdir. Sübut olunub ki, bunun səbəbi ümumilikdə, Çin toplumunun, Çin ailəsinin təhsilə verdiyi önəmdir. Ola bilsin ki, normal avstraliyalı hesab edir ki, uşaq oxuya da bilər, oxumaya da. Çinli ailə isə deyir ki, onun övladı mütləq oxumalıdır. Eləcə də uşağın bilik bacarıqlarına uyğun olaraq peşəsinin seçilməsi təhsil mədəniyyətinin bir qoludur. Dediyiniz kimi, ölkəmizdə də sosial mənşəyindən asılı olmayaraq hər bir valideyn uşağına ali təhsil verməkdə maraqlıdır. Məncə, bu dəyərləndirilməlidir.

Şəfiqə Dadaşova, “İki sahil”