VII ADA Siyasi Forumu çərçivəsində Qarabağ Universitetində keçirilən ikinci panel iclas “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub.
“İki sahil” xəbər verir ki, panelə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Renat Bekturov çıxışında Azərbaycan və Qazaxıstanın həyata keçirdiyi birgə layihələrdən bəhs edib. O bildirib ki, iki ölkə enerji, kənd təsərrüfatı, logistika və digər sahələrdə sıx əməkdaşlıq edir. Hazırda bu istiqamətlər üzrə bir sıra iri layihələr reallaşdırılır və bu əməkdaşlıq hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərir. “Vətəndaşlarımız da iqtisadiyyatın gündəlik həyatlarına daha çox töhfə verməsini və konkret dəstək göstərməsini gözləyirlər”, - deyə Renat Bekturov əlavə edib.
Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının rəhbəri Urs Unkauf regionda yaxın gələcəkdə sabitliyin təmin olunacağına ümidlə yanaşdığını bildirib. Onun sözlərinə görə, Almaniya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri mühüm əhəmiyyət daşıyır və bu münasibətlərin daha da inkişafı qarşılıqlı maraq doğurur. “Dünyada baş verən proseslər müəyyən narahatlıqlar yaratsa da, məhz belə bir şəraitdə ölkələr arasında əməkdaşlığın gücləndirilməsi xüsusi önəm daşıyır”, – deyə Urs Unkauf qeyd edib. O, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsini yüksək qiymətləndirərək bildirib ki, bu tədbir ölkənin iqlim siyasətinə və ətraf mühitə dair fəaliyyətinə mühüm töhfə verib.
ABŞ-ın Corvinus Qabaqcıl Tədqiqatlar İnstitutunun tədqiqatçısı David Goldman süni intellekt və rəqəmsallaşma ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, süni intellekt yaxın onillikdə, hətta daha qısa müddətdə əmək bazarını və biznes mühitini köklü şəkildə dəyişəcək. “Bu, qarşısında dayandığımız və üzərində düşünməli olduğumuz əsas çağırışlardan biridir. Odur ki, süni intellekt və rəqəmsallaşma cəmiyyətin rifahına xidmət edəcək şəkildə tənzimlənməlidir”, – deyə ekspert qeyd edib.
Azərbaycanın Avropanın qaz təchizatçısı olduğunu diqqətə çatdıran Yunanıstanın Trakya Demokrit Universitetinin professoru Marika Karagianni son illərdə ölkəmizin davamlı inkişafını və transformasiyasını vurğulayıb.
Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.
Qeyd edək ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.