Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə 9 aprel tarixində “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Teyyub Aslanovun iştirakı ilə gerçəkləşəcək.
“İki sahil” xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq görüş zamanı Teyyub Aslanov ifaçılıq sənətinin tarixi və inkişaf istiqamətlərindən, onun milli musiqi mədəniyyətinin əsas tərkib hissələrindən biri kimi əhəmiyyətindən, bu sənətin son illərdə xüsusilə gənclər arasında gördüyü rəğbətdən eləcə də ifaçılığının metodoloji əsaslı tədrisindən danışacaq.
İnteraktiv formatlı görüşdə xanəndəlik sənəti ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.