14 sentyabr 2017 16:13
384

Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Sentyabrın 15-də respublika ərazisində dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev AZƏRTAC-a bildirib ki, həmin gün təkcə yol polisi yox, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əsasən şəhərlərdə, xüsusilə də paytaxtda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq. Sürücülər isə inzibati məsuliyyətə cəlb olunacaq: “Ona görə də sürücülərdən xahiş edirik ki, 15 sentyabr - Bilik Günü səhər saatlarında nəqliyyat vasitələrini məktəbyanı ərazilərdə digər avtomobillərin hərəkətinə maneçilik törədən yerlərdə saxlamasınlar və bilsinlər ki, bu cür qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri təxliyə olunacaq”.