Arzusunu gerçəklik kimi qəbul etməyə meyilli Nikol Paşinyanın Aİ sevdasının daşa dirənəcəyi indidən gün kimi aydındır
Ermənistanın siyasi elitası uzun müddətdir ki, Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı nağıllar danışmaqla xalqın başını qatmaqda davam edir. Vəziyyət artıq elə həddə çatıb ki, baş nazir Nikol Paşinyan az qala bütün çıxışlarında əsasən bu mövzuya toxunur və bildirir ki, təmsil etdiyi hökumət bu il Aİ-yə üzv olmağa hazırdır. Əslində ilk baxışdan bu fikrin absurd olduğu görünür. Çünki Avropa İttifaqına üzvlük arzu və istək əsasında reallaşmır. Bu, müəyyən siyasi qərarlar, standartlar çərçivəsində həyata keçirilir. Müasir Ermənistanda isə bu standartların yüzdə biri də yoxdur desək, yanılmarıq. Burada rəsmi İrəvanın “avropalı olmaq” üçün həddən artıq tələsdiyini demək lazımdır. Axı, həmin Aİ-də yaxşı bilirlər ki, Ermənistan Moskvanın dominantlıq etdiyi bir sıra siyasi, iqtisadi, eləcə də hərbi ittifaqların, xüsusən də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. İkincisi, Aİ-yə üzv olmağın əsas şərti ölkənin Avropa qitəsində yerləşməsidir. Ermənistan isə coğrafi nöqteyi-nəzərdən Asiyaya aiddir. Üçüncüsü, Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Hayastan bu sahədə Moskvadan tam asılı vəziyyətdədir. Bundan başqa, regional şərait və reallıq da İrəvanın Aİ üzvlüyünə namizəd olmasına imkan vermir. Dördüncüsü, Ermənistanın beynəlxalq hüququn tələblərinə cavab verən konstitusiyası yoxdur. Onun əsas qanunu özündə qonşu dövlətlərə qarşı ərazi iddialarını ehtiva edir. Bu durumda Ermənistanın Avropa ailəsinə hansı parametrlərə görə üzv olmağa çalışması heç özünə də tam aydın deyil. Bununla belə, erməni siyasi elitası hələ də xalqa Aİ-yə üzvlüklə bağlı nağıllar danışmaqda davam edir.
Ermənistanın “Joqovurd” qəzeti bununla bağlı yazır: “Parlamentdəki “Vətəndaş müqaviləsi” fraksiyası yüksək tribunadan müvafiq qanunun qəbulundan sonra Ermənistanın Avropa İttifaqına üzv olacağına dair cingiltili ifadələr işlətsə də, Aİ özü faktiki olaraq Ermənistana məhəl qoymur. Fevralın 12-də Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini 63 “lehinə” və 7 “əleyhinə” təmtəraqla qəbul edib. Bu qanun layihəsini parlamentdənkənar qüvvələr təqdim edib. Parlament bunu “ümid şüası” kimi təqdim edərək, cəmiyyəti Avropanın qapılarının tezliklə bizim üzümüzə vizasız açılacağına inandırsa da, reallıq budur ki, bu, sadəcə olaraq prosesin başlanmasına dair razılaşmadır – başqa heç nə. Ermənistanın Aİ-yə üzvlük perspektivi qeyri-real olmasa da, hələ də qeyri-müəyyəndir”.
Qəzet, həmçinin qeyd edir ki, qanun layihəsinin qəbulundan iki gün keçməsinə baxmayaraq, Aİ-dən səhradakı səs kimi susqunluq hökm sürür. Dünənki iş gününün sonunadək nə Avropa Komissiyası, nə də Avropa Parlamenti heç bir institusional cavab vermədi. Aİ-nin “arzu olunan” qanununun qəbulundan 48 saat sonra belə heç bir struktur Ermənistanı təbrik etmədi, təşəbbüsü müsbət qarşılamadı, Ermənistan Respublikasının Avropaya doğru hərəkət etmək niyyətinə cavab vermədi. Belə çıxır ki, bu, Paşinyanın seçkilər öncəsi cəmiyyətin avropapərəst hissəsinə hesablanmış növbəti blefdir və ya sadəcə olaraq, Aİ-nin “böyük ailəsi” üzvləri arasında belə cavab tapmayan növbəti populist hərəkətidir.
Məlum məsələdir ki, yaxın illər ərzində Avropa siyasətinin üfüqündə erməni bayrağının dalğalanması mümkün deyil. Ermənistan mətbuatı, xüsusən də hakimiyyətin təbliğat maşını Aİ ölkələri XİN rəhbərlərinin Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqun başlanmasını Paşinyan komandasının möhtəşəm nailiyyəti kimi təqdim etməkdədir. Viza liberallaşdırılması ilə bağlı danışıqların başlaması məsələsi isə Aİ-yə inteqrasiya proqramında fövqəladə uğur kimi xalqa sırınır. Viza rejiminin liberallaşdırılması məsələsi ekspertlərin və rəsmilərin sözlərinə görə, iki il ərzində və ya iki ildən sonra baş tuta bilər. Aİ Şurasının məlumatında qeyd edilir ki, Ermənistan vətəndaşları üçün viza öhdəliklərinin ləğvi imkanlarına yalnız standartlar tam şəkildə tətbiq edildikdən sonra baxılacaq. Bax erməni siyasətçilərinin, rəsmilərinin nəzərdən qaçırdığı maddə də budur. Söhbət hansı standartlardan gedir, bu standartların tam şəkildə tətbiq edilməsi üçün Ermənistana neçə il, neçə ay vaxt lazımdır? Əslində erməni cəmiyyəti və siyasi elitası məhz bu sualların cavabını tapmalı, onlar barədə xalqı məlumatlandırmalıdır. Yaranan mənzərə isə onu göstərir ki, eyforiyaya qapılan siyasilər artıq özlərini Aİ-nin tam hüquqlu üzvü sayırlar. Bu isə illüziyadan başqa bir şey deyil. Əslində Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması erməni cəmiyyəti üçün total ağır nəticələrə səbəb olacaq. İlk olaraq söyləmək lazımdır ki, viza rejiminin liberallaşdırılması Ermənistanın sürətlə boşalması ilə nəticələnəcək. Ermənistandakı işsizliyi, məmur özbaşınalığını, korrupsiyanı, iş yerlərinin hakim komandanın sülaləsi tərəfindən zəbt edilməsini, müharibədəki acı məğlubiyyətin vurduğu psixoloji sarsıntını da nəzərə alsaq, rəqəmlərin hansı qorxunc həddə çatacağını ehtimal etmək olar.
Sevinc Azadi, “İki sahil”