05 fevral 2025 23:39
90

Xəbəri olmadan adına şirkət açılan, vergi borcu yaranan vətəndaş nə etməlidir?

Dövlət Vergi Xidmətinin nümayəndəsi: Vətəndaşlar bilməlidirlər ki, digər şəxslərə etibar etdikləri, yaxud 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi, elektron imza onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir

Son zamanlar hansısa vətəndaşın adına bir deyil, bir neçə şirkətin açıldığı məlum olur. Şirkət "sahibləri” isə hansısa müəssisənin "rəhbəri” olduqlarından yalnız iş işdən keçəndən, yəni, şirkətin böyük vergi borcları yarandıqdan sonra xəbər tuturlar.

Maraqlıdır, belə hallardan sığortalanmaq üçün hansı addımları atmalıyıq? Adımıza hər hansı şirkətin olub-olmadığını necə müəyyən edə bilərik?

Tövsiyələrimizə və müraciətlərimizə baxmayaraq vətəndaşlarımız hələ də bu cür etibardan sui-istifadə hallarının qurbanı olurlar

“İki sahil”in mövzu ilə bağlı suallarını cavablandıran Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin Media şöbəsinin rəisi Şahin Məmmədov bildirdi ki, bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) hər zaman diqqətindədir. Dövlət Vergi Xidməti mütəmadi olaraq bu yöndə maarifləndirici işlər aparır. Lakin çoxsaylı tövsiyələrimizə və müraciətlərimizə baxmayaraq vətəndaşlarımız hələ də, bu cür etibardan sui-istifadə hallarının qurbanı olurlar. Araşdırmalarımız onu göstərir ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılaraq və onlardan etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır. Bu halda həmin hüquqi şəxslərin dövlət büdcəsinə borcu olduğuna görə, formal olaraq təyin edilmiş “direktor”un məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır, dövlət büdcəsinə xeyli miqdarda vergi borcu yarandıqda isə həmin hüquqi şəxslər barəsində cinayət işi açılır.

Bəs, xəbəri olmadan adına şirkət açılan, vergi borcu yaranan vətəndaş nə etməlidir?

Şahin Məmmədov vurğuladı ki, əgər vətəndaş artıq bu cür hal ilə qarşılaşarsa tövsiyə olunur ki, onların adına elektron imza alınması ilə bağlı başqa şəxslərə etibarnamə verdikdə, onun ləğvi ilə bağlı notariat kontoruna, elektron imza sertifikatının qüvvəsinin dayandırılması ilə bağlı “ASAN Sertifikat Xidmətləri Mərkəzinə (“ASAN İmza” olduğu halda) və ya Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin müvafiq xidməti mərkəzlərinə (gücləndirilmiş elekton imza olduğu halda) müraciət etsinlər. Bununla yanaşı, vətəndaşlar etibardan sui-istifadə edilməklə aldadılmaları və onlara ciddi zərər dəyilməsi barədə müvafiq araşdırmanın aparılması üçün aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. 

Bu kimi neqativ hallar zamanı aldadılan əsas hədəf kütləsi fəhlələr, işə düzəlmək istəyən gənclərdir

Qurum nümayəndəsi qeyd etdi ki, bu kimi neqativ hallar zamanı aldadılan əsas hədəf kütləsi fəhlələr, işə düzəlmək istəyən gənclərdir. O təbəqə ki, mövzu ilə bağlı məlumatsızdır: “Fırıldaqçılar bütün əməliyyatları qısa zamanda görməyə və vətəndaşı bütün proseslərdən uzaq tutmağa çalışırlar. Vətəndaşın xəbəri olmur, yazışmalar onun elektron ünvanına gedir, borc yaranan zaman isə artıq telefonuna mesaj gəlməyə başlayır”.

Vətəndaşlar bilməlidirlər ki, digər şəxslərə etibar etdikləri, yaxud 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi, elektron imza onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir

“Vətəndaş bu kimi hallar ilə qarşılamamaq üçün nə etməlidir” sualımıza isə müsahibimizin cavabı belə oldu: “İlk növbədə vətəndaş anlamalıdır ki, qanunvericiliyə əsasən, elektron imza (“ASAN İmza”, SİMA) yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar. Vətəndaşlar bilməlidirlər ki, digər şəxslərə etibar etdikləri, yaxud 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi, elektron imza onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir. Vətəndaş sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən dövlət orqanlarında qeydiyyat prosesi zamanı bu cür risklərin müəyyənləşdirilməsi mümkün olmur və bu halda bütün məsuliyyət elektron imzaya sahib olan vətəndaşın üzərinə düşür. Vətəndaşlar vergi borcu barədə məlumatı Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn portalından (https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html) istifadə etməklər öyrənə bilərlər.

Şahin Məmmədovun sözlərinə görə, bu kimi xoşagəlməz halların qarşısını almaq üçün Dövlət Vergi Xidməti vətəndaşları hüquqi şəxs kimi SİMA elektron imza vasitəsilə qeydiyyata almağa başlayıb: “Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verib. “SİMA İmza” 2023-cü ilin oktyabr ayından fiziki şəxslərin uçota alınmasında tətbiq edilir. 2024-cü ildən bu elektron imza hüquqi şəxsin elektron qaydada dövlət qeydiyyatına alınması zamanı da istifadə edilir. Burada əsas məsələ qeydiyyat prosesində biometrik yoxlama (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təmin olunmasıdır. Ərizənin və sənədlərin (nizamnamənin) imzalanması zamanı şəxslərin biometrik eyniləşdirməsi aparılır.Yoxlama uğurla başa çatmadıqda mövcud prosedurlara uyğun olaraq ərizənin göndərilməsi məhdudlaşdırılır”.

Son olaraq isə vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamaq və qeyd edilən şəxslərin vədlərinə inanmamaq tövsiyə edilir.

Yaqut Ağaşahqızı, “İki sahil”