05 fevral 2025 15:51
93

Yaşayış komplekslərində yanğına qarşı tədbirlər keçirilib, nöqsanlar aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Yasamal Yaşayış və “Park Yasamal” komplekslərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, əvvəlcə, nəzəri hissə çərçivəsində yaşayış binalarında yanğın təhlükəsizliyi tələblərindən ətraflı bəhs edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarından danışılıb, “112” qaynar telefon xəttinin funksiyası barədə məlumat verilib. Həmçinin, şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsinin yolverilməzliyi sakinlərin nəzərinə çatdırılıb, yanğın təhlükəsizliyindən bəhs edən videoçarxlar nümayiş olunub və tədbir iştirakçılarına mövzuya aid çap məhsulları paylanılıb.

Sonra Yasamal Yaşayış Kompleksində təlim keçirilib.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış kompleksinə, həmçinin su mənbəyinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə sərbəst şəkildə yaxınlaşa bilmədiyi və yanğın təhlükəsizliyi ilə əlaqədar digər çatışmazlıqlar müəyyən edilib.

Qeyd olunan məsələ barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib. Həmçinin, nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.