30 yanvar 2025 14:05
282

Makedoniyalı İskəndər və Azərbaycan: Tarixi yaddaşdan bəzi etüdlər

Artıq mətbuatdan məlum olduğu kimi 17-19 yanvar 2025-ci il tarixlərdə Şimali Makedoniyanın Ohrid şəhərində “Ohrid-Vodiçi – 2025: kollektiv yaddaş, yaddaş siyasəti və müasir kimliklər” mövzusunda XII Beynəlxalq elmi-praktik konfrans keçirilib. Diqqət çəkən odur ki, 25-dən çox ölkənin, 80-dən çox elm adamının qatıldığı “Ohrid-Vodiçi-2025” konfransı Azərbaycanın görkəmli arxeoloq alimi, professor Qafar Cəbiyevə həsr edilib. Konfransda “Miras” İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Professor Qafar Cəbiyev: tərcümeyi-halı və elmi nailiyyətləri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Konfransın fəxri məruzəçisi professor Q.Cəbiyevin “Makedoniyalı İskəndər  və Azərbaycan: tarixi yaddaşdan bəzi etüdlər” mövzusundakı çıxışı böyük marağa səbəb olub.

“İki sahil” xəbər verir ki, həmin çıxışın mətnini bəzi ixtisarlarla oxuculara təqdim edir:

 - Azərbaycan və Şimali Makedoniya bir-birindən min kilometrlərlə uzaqda olan dost ölkələrdir. Məmnunluq hissi ilə deməliyəm ki, dövlətlərimiz arasında işgüzar əlaqələr mövcuddur. 28 iyul 1995-ci ildə Makedoniyanın Azərbaycan Respublikasını müstəqil dövlət olaraq rəsmən tanıması ilə dövlətlərarası münasibətlərimizdə yeni mərhələ başlanıb. Bunu bu tribunadan ifadə etmək çox xoşdur ki, ölkələrimiz əksər beynəlxalq platformalarda oxşar mövqedən çıxış edirlər. Son 10 il ərzində dostumuz professor Rubin Zemonun rəhbərlik etdiyi Şimali Makedoniya Sosial Antropologiya İnstitutu ilə Azərbaycanın “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi arasındakı olduqca səmərəli elmi və mədəni əlaqələri də xüsusi olaraq qeyd etmək istərdim. 

Avropanın lap mərkəzində olan Şimali Makedoniya ilə Azərbaycanı bir-birinə yaxın edən təkcə Kaspi sahillərindən buraya uzanan neft və qaz kəmərləri deyil! Bizim də, sizin də mənzillərimizi isidən və yaxın gələcəkdə daha yaxşı isidəcək tək Azərbaycanın qazı və nefti deyil! Bizim ruhumuzu, qəlbimizi və münasibətlərimizi daha çox isidən məhz Azərbaycanla Şimali Makedoniya dövlətləri və xalqları arasında olan qarşılıqlı faydalı, səmimi və işgüzar əlaqələrdir!

Azərbaycan dövləti və xalqı, o cümlədən biz elm adamları bütün bunları çox yüksək dəyərləndirir, münasibətlərimizin davamlı olması üçün nə lazımdırsa edilir və bundan sonra da ediləcəkdir!

Dəyərli dostlar! Bizi dost edən, yaxın edən bir sıra çox maraqlı, həm də əhəmiyyətli tarixi nüanslar mövcuddur. Mən qısaca olaraq konfrans iştirakçılarının diqqətini bu mövzuya cəlb etmək istərdim.

Makedoniya əhalisinin qürur ünvanı olan görkəmli sərkərdə və dövlət  xadimi Makedoniyalı İskəndər Azərbaycanda da çox xatırlanan, öyrənilən və sevilən bir tarixi şəxsiyyətdir. Bizlər məktəbdə ilk tarix dərslərində Makedoniyalı İskəndəri, onun qalibiyyət dolu hərbi yürüşlərini öyrənirik.  Gənc ikən parlayan, dünyaca məşhur olan bu tarixi şəxsiyyətin obrazı elə ilk andan məktəbli gəncləri, xüsusən də oğlan uşaqlarını ovsunlayır. Hər kəs həyatda İskəndər qədər cəsur, igid və məşhur olmaq istəyir. Təsadüfi deyil ki, azərbaycanlılar arasında ən populyar adlardan birisi məhz İskəndər adıdır.

Xatırladım ki, Makedoniyalı İskəndərlə bağlı Azərbaycan tarixində yer alan və  tarixi yaddaşara hopmuş olan bir çox maraqlı, həm də tarixi əhəmiyyəti olan hadisə və olaylar yaşanıb. Həmin hadisə və olaylara aid bəzi etüdlər barədə danışmaq istərdim. Məsələn, miladdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə İskəndərin ordusu tərəfindən Əhəməni ordusu darmadağın edildi. Nəticədə Əhəməni İmperiyası süqut etdi. Onun yerində yeni dövlətlər, o cümlədən iki Azərbaycan dövləti - Albaniya və Atropatena dövlətləri yarandı. Bu dövlətlər qədim Azərbaycan dövlətləri idi. Maraqlıdır, Qavqamel döyüşündə İskəndərin ordusu deyil, Daranın başçılıq etmiş olduğu Əhəməni ordusu qalib gəlsəydi nə baş verəcəkdi?! Təbiidir ki, yeni dövlətlərin, o cümlədən Albaniya və Atropatenanın yaranması da o an üçün reallaşmaya bilərdi.

İsgəndərin Dara ilə döyüşü

Başqa bir misal. Məlum olduğu kimi, I Daranın hakimiyyəti dövründə Əhəməni dövlətində vergi islahatları çərçivəsində satraplıq (canişinlik) idarəçilik sistemi yaradılıb. Hansı ki, həmin satraplıqlardan birisi də Midiya satraplığı idi. Makedoniyalı İskəndərin Şərqə yürüşü zamanı baş verən Qavqamel döyüşündə (e.ə. 1 oktyabr 331-ci il) Atropat Midiya satrapı olaraq Əhəmənilər tərəfindən Makedoniyalı İskəndərə qarşı döyüşüb. Əhəməni ordusunun həmin döyüşdəki məğlubiyyətindən sonra o, hətta Ekbatana qaçan Əhəməni hökmdarı Daranı bir müddət himayə də  edib. III Daranın ölümündən sonra (e.ə.330-cu il) Atropat İskəndərə müqavimət göstərməyin perspektivi olmadığını anlayaraq onunla diplomatik əlaqələr qurur. Bununla da Atropat Midiya satraplığının hərbi yolla işğalının qarşısını almış olur və hakimiyyətdə qalmaqda davam edir (Halbuki, Əhəməni imperiyasının süqutundan sonra onun tərkibində olan digər satraplıqların hamısının rəhbərləri hakimiyyətdən uzaqlaşdırılmışdı). Beləliklə də, dövrünün görkəmli hərb və dövlət xadimi olan Atropat ilkin olaraq Midiya satraplığı, daha sonralar isə Kiçik Midiya, yaxud da Atropat Midiyası olaraq tanınan  qədim Azərbaycan dövləti Atropatenanın müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bir daha təkrar edirik ki, bütün bunlar zəmanəsinin böyük hərb və dövlət xadimləri olan Atropat və İskəndər arasındakı isti diplomatik əlaqələr zəminində mümkün olmuşdur.

İsgəndər-Atropat görüşü

Digər bir misal. Qədim Yunan coğrafiyaşünası Strabon özünün “Coğrafiya” əsərində Qafqaz albanlarından bəhs edərkən qeyd edir ki, onlar, yəni albanlar guya pul tanımır və ticarəti mübadilə yolu ilə edirlər. Lakin son 60-70 il ərzində qədim Azərbaycan dövləti olan Albaniya ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Makedoniyalı İskəndərə aid çoxsaylı pullar tapılıb və Albaniyada zərb olunan ilk sikkələr də məhz Makedoniyalı İskəndərin draxma və tetrodraxmalarına bənzədilərək zərb olunan gümüş və mis sikkələrdir. Müxtəlif vaxtlarda Azərbaycan arxeoloqları tərəfindən Şamaxı, Qəbələ, Nüydi və digər abidələrdən tapılmış alban pullarından ibarət dəfinələr də bunu təsdiq edir. Bu isə o deməkdir ki, albanlar nəinki pul tanıyıb, həm də özlərinə məxsus yerli pulları da olub.

Albaniya ərazisindən tapılmış gümüş sikkələr

Daha bir maraqlı, həm də əhəmiyyətli məqamı da diqqətinizə çatdırmaq istərdim. Təsəvvür edin, XII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin beş poemasından biri məhz Makedoniyalı İskəndərə həsr olunub. 1200-1203-cü illərdə qələmə alınmış bu irihəcmli tarixi-romantik poema-epopeya 2 hissədən, 116 bölümdən və 10460 beytdən ibarətdir. Poemada İskəndərin gənclik illəri, onun Əhəməni hökmdarı Dara ilə məktublaşmaları və vuruşları, Ərəbistana, Bərdəyə, Dərbəndə, Hindistana, Çinə hərbi yürüşləri, ruslarla müharibəsi, antik dünyanın görkəmli  filosofları Ərəstun, Əflatun və Sokratla söhbətləri poemada poetik şəkildə vəsf olunub. Maraqlıdır ki, “İskəndərnamə” poemasındakı 1000 beyt bilavasitə Bərdə (qədim Azərbaycan şəhəri) hökmdarı Nüşabə ilə Makedoniyalı İskəndərin görüş və dialoqlarına həsr edilib.

 İsgəndərin Nüşabə ilə görüşü

Tam səmimi olaraq bildirirəm ki, Nizami Gəncəvinin “İskəndərnamə” poemasında hətta makedoniyalılar üçün sürpriz ola biləcək çox mətləblərdən bəhs edilib. Azərbaycan şairinin 800 il bundan öncə qələmə aldığı həmin poema bütövlükdə Şərq xalqlarının ədəbiyyatına və fəlsəfi düşüncəsinə güclü təkan olub. Onun təsiri ilə Əmir Xosrovun “Ayineyi – İskəndəri”, Əlişir Nəvainin “Səddi – İskəndəri” və bir çox digər klassik əsərlər meydana gəlib.

“İskəndərnamə” poemasındakı “İskəndərin ruslara qarşı vuruşu” bölməsi 1820-ci ildə Fransua Bernar tərəfindən fransız dilinə, 1881-ci ildə isə poemanın “Şərəfnamə” adlanan birinci hissəsi Henri Uelberfors tərəfindən ingilis dilinə tərcümə olunaraq nəşr edilib. Son onilliklər ərzində “İskəndərnamə” poeması Azərbaycanda bir neçə dəfə, həm də çox nəfis şəkildə təkrar-təkrar nəşr olunub və dünyanın bir sıra dillərinə tərcümə olunub.

Mən bu konfransa gələrkən “İskəndərnamə” əsərinin 2022-ci ildə Azərbaycanın “Qanun nəşriyyatı” tərəfindən nəşr olunmuş bir nüsxəsini də gətirmişəm. İndi sizlərin də şahidliyi ilə mən həmin kitabı hədiyyə olaraq Ohrid merinin bu günkü konfransımızda iştirak edən müavini xanım Ana Kristevskaya təqdim edirəm. Ümid etmək istərdim ki, Ohrid meriyası makedoniyalıların qürur ünvanı olan həmvətənliləri barədə hələ XII əsrdə qələmə alınmış bu möhtəşəm əsərin, nəhayət makedoniya dilinə də tərcümə olunaraq yayılması kimi bir şərəfli missiyanı sevə-sevə icra edəcəkdir. Mən bir elm adamı olaraq çox arzu edərdim ki, Nizami Gəncəvinin “İskəndərnaməsi” hər bir makedoniyanın kitab rəfində olsun. Tam səmimi olaraq bildirirəm ki, Nizaminin “İskəndərnamə”si indiyədək Makedoniyalı İskəndər barədə yazılmış olan ən sanballı və ən mükəmməl bir bədii əsərdir.

Nəhayət, daha bir tarixi məqam barədə. XIX əsrin sonlarında Azərbaycan ərazisində haradasa Makedoniyalı İskəndərin xəzinəsi olduğu barədə saiyələr geniş yayılıb. Nəticədə xəzinə axtarışına çıxan diletantlar bir çox abidələri vandalcasına dağıdıb. Sonralar bəlli oldu ki, bu şaiyələri yayanlar Azərbaycan xalqına məxsus tarixi-mədəni dəyərləri məhv etməyi hədəfləyən düşmən ünsürlər imiş.

Dostlar! İskəndər və Azərbaycan mövzusu ətrafında çox danışa bilərəm. Amma dəyərli vaxtınızı çox almamaq naminə bunu sonrakı görüşlərimizə saxlayıram. İnşaallah, bu mövzu ilə bağlı digər maraqlı məqamlar barədə söhbəti makedoniyalı dostların Bakıya səfəri zamanı davam etdirərik.