İsmayıllıda qəzada ölən 7 nəfərin və xəsarət alan Britaniya vətəndaşının kimliyi müəyyənləşib
Ötən gecə İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb.
Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşüb. Onlardan 3-ün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub.
Məlumata görə, “Opel Zafir” markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, onun qızları - 1998-ci il təvəllüdlü Rufanə, 2001-ci il təvəllüdlü Turanə, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun oğlanları - 2003-cü il təvəllüdlü Sahib və 2006-cı il təvəllüdlü Cavid aldıqları xəsarətdən hadisə yerində ölüblər.
“Opel Zafira”ya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib.
“Toyota Prado” nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
02.47
İsmayıllı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişən 7 nəfərin şəxsiyyəti müəyyən edilib. APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Şəki sakini 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Opel Zafira”da sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən şəxslərin meyitlərini çıxarıblar.
Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Qəbələ Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparıldığı bildirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
02.20
İsmayıllı rayonunda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” və “Toyota Prado” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər dünyasını dəyişib.
Ölən şəxslərin Şəki və Qax sakinləri olduğu bildirilir.
Dünyasını dəyişən şəxslərin adlarını hələ ki, müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.