17 yanvar 2025 23:57
114

Vətən sevdalısı

44 günlük haqq savaşımızda Vətəni qanı, canı bahasına alınmaz qalaya çevirən xalqımızın igid, vətənpərvər oğullardan bir də şəhid mayor Kamran Fərəcovdur. Əsr Qarabağımızın xilaskar ərənləri kimi adını yeni, şanlı tariximizə yazan bu Vətən sevdalısının 47 yaşı tamam oldu. Xalqın, millətin xoş gələcəyi üçün canından keçib sonsuz ehtiram, sevgi və məhəbbət qazanan şəhid mayor Kamran Fərəcovun doğum günündə

Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov və kollecin bir qrup əməkdaşı onun yatdığı müqəddəs yeri ziyarət etdilər, məzarına tər güllərdən çələng hördülər.

Çıxışçılar bildirdilər ki, Günəş ömrü yaşayan Kamran əzəldən canından əziz tutduğu doğma Azərbaycanın hər qarışına ürəkdən bağlanmışdı. Elə bu ilahi sevgi onu şəhidlik zirvəsinə ucaltdı. Onun həyatı öz xalqına şərəfdir, qürurdur. Öz qəhrəmanlığı ilə dastan yazan Kamran kimi oğlanların qanı bahasına Qarabağımız canlanır, Vətən yaşayır. Bəli, şəhid mayor Kamran Fərəcov ürəklərdə özünə elə bir əzəmətli abidə qoyub ki, o, heç vaxt unudulmaz. Nəsibi şəhidlik zirvəsindən boylanmaq səadəti olan Vətən oğlunun şərəfli ömür yolu gələcək nəsillərə də örnək olacaqdır.

Astara rayonu, Səncərədi kəndində boya-başa çatan mayor Kamran Qılman oğlu Fərəcov Vətən müharibəsi başlanan günü özünü odlu-alovlu səngərlərə birincilər sırasında atır. Ən qaynar nöqtələrdə düşmənə qarşı döyüşür və ona ciddi itkilər verir. Vətən, torpaq məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan zəfərlə çıxır. Dığaların başını əzməkdən ötrü döyüşdən-döyüşə sanki ona yeni bir güc gəlir. Vətən torpağının hər qarışı naminə igidliklə vuruşan komandir Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən müharibədə xüsusi hünər göstərir. Fədakarlığı, mərdliyi dillərdə dastan olub onunla çiyin-çiyinə vuruşan zabitləri, əsgərləri qələbəyə aparır. Ən ağır anlarda belə Kamranı Vətən sevgisi tərk etmir. Neçə-neçə ölüm-dirim savaşın qalibi olan komandir oktyabrın 21-də böyük şücaət göstərərək şəhadətə yetir. Ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunur.

Kamran Fərəcov özünü biləndən həyatının dəyərini Vətənə, xalqa təmənnasız xidmətlə ölçür. Belə bir şərəfli həyat yaşmaqla parlaq ulduza dönüb ünyetməz göylərə ucaldı. Özündən sonra elinə əmanət qoyduğu Dəniz və Şəms adında qızları ulduzlu göylərə indi qürurla baxırlar. Həmçinin atalarına onun kimi Vətəni sevməyi söz verirlər...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü