Əngəllərə baxmayaraq, Kataloniya sakinləri oktyabrın 1-də referendumda iştirak edəcəklər. Bu barədə məlumatı muxtariyyət hökumətinin Avropa İttifaqındakı təmsilçisi Amadeu Altafac RTBF teleradio kompaniyasının efirində səsləndirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Amadeu Altafacın sözlərinə görə, Kataloniya sakinlərinin 70-80 faizi referendumda iştirak etmək niyyətindədir. O, yerli polisin ictimai asayişi təmin etmək üçün əlindən gələni edəcəyinə və Kataloniya hökumətinə loyal qalacağına əminliyini bildirib.
Kataloniyada oktyabrın 1-nə təyin olunan referendum ərəfəsində keçirilən rəy sorğularına əsasən, katalonların 41 faizi regionun müstəqilliyinə tərəfdardır, 49 faizi isə bunu istəmir. Muxtar regionun statusu haqqında referendumun özünə gəlincə, sakinlərin 80 faizi onun keçirilməsinə tərəfdardır. Bununla belə, əksəriyyət hesab edir ki, plebist İspaniyanın mərkəzi hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Digər tərəfdən, respondentlərin 60 faizinin fikrincə, yerli hökumətin oktyabrın 1-də keçirməyə hazırlaşdığı səsvermə legitim deyil və onun hər hansı hüquqi nəticələri olmayacaq.
Xatırladaq ki, sentyabrın 6-da Kataloniya parlamenti Madrid tərəfindən qanunsuz sayılan referendum barədə qanunu qəbul edib. Ardınca plebistin oktyabrın 1-də keçirilməsi barədə fərman imzalanıb. Bundan başqa, parlament müstəqillik tərəfdarlarının referendumda qələbə qazanılacağı təqdirdə İspaniyanın tərkibindən çıxma prosedurunu nizamlayacaq qanunu da təsdiqləyib. İspaniya Konstitusiya Məhkəməsi isə öz növbəsində Kataloniya parlamentinin referendumun keçirilməsi barədə qərar qəbul etməyə imkan verən prezidium sazişini ləğv edib, hökumət isə oktyabrın 1-də referendumun keçirilməyəcəyini bildirib.
İspaniya mülki qvardiyasının sentyabrın 20-də Barselonada apardığı xüsusi əməliyyatlar regionda vəziyyəti bir qədər də gərginləşdirib. Əməliyyatların gedişində 41 məntəqədə axtarış aparılıb, 14 nəfər saxlanılıb və 10 milyon bülleten müsadirə edilib. Səsvermə günü ərəfəsində regiona əlavə polis qüvvələri yeridilib.