29 dekabr 2024 23:57
557

Gənclər və idmançıların həmrəylik festivalı

Ötən həftənin sonlarında dağlar diyarı Lerikdə Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü və dəstəyi, Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran – Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə “Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib. Rayonun mərkəzi olan Heydər Əliyev Meydanında baş tutan festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, eləcə digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Vətən yolunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğlanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışlarında 2024-cü ilin Azərbaycan idmanı, o cümlədən regionumuz üçün uğurlu keçdiyini bildirib, bu münasibətlə idman ictimaiyyətini təbrik ediblər. Çıxışlarda o da xüsusilə vurğulanıb ki, ölkə başçısı tərəfindən gənclərə, idmançılara diqqət və qayğı dövlət siyasətinin əsasında durur. Gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə böyük rol oynayırlar.

Festival iştirakçıları Rayon Mədəniyyət Mərkəzinin, Lerik Dövlət Rəsm Qalereyasının, Lerik şəhər Uşaq İncəsənət Məktəbinin, Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin, Lerikli gənc fermerlərin istehsal etdiyi məhsulların, Lerik İntellektual Oyunlar Klubunun, LDPTM-nin Lerik Korpusunun və Lerik rayon Mərkəzi Kitabxana sisteminin stendlərinə baxış keçirib onların hazırladıqları təqdimat stendləri ilə yaxından tanış olublar və Lerik Uşaq Gənclər İdman Şahmat Məktəbinin idmançılarının nümunəvi çıxışlarını izləyiblər. İl ərzində yüksək nəticə qazanan idmançılara və məşqçi müəllimlərə, eyni zamanda fəallığı ilə seçilən təşəbbüskar gənclərə Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə, qiymətli hədiyyələr təqdim olunub.

Sonra meydan musiqiyə verilib. Tanınmış sənət adamların ifasında könül açan nəğmələr ətrafa yayılıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü