Rusiyanın “Rospotrebnadzor” səhiyyə xidmətinin rəhbəri Anna Popova bildirib ki, hazırda COVID-19 virusunun laboratoriya mənşəyinə dair heç bir dəlil yoxdur. O, bu barədə “Komsomolskaya Pravda” radiostansiyasına müsahibəsində danışıb.
"Hələ ki, bunun laboratoriya virusu olduğuna, kiminsə onu yaratdığına və kiminsə buraxdığına dair heç bir sübut yoxdur", - Popova qeyd edib.
O, Sankt-Peterburq Paster Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun nümayəndəsinin Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı işçi qrupunun işində iştirak etdiyini açıqlayıb. Onun fikrincə, hazırda virusun laboratoriya mənşəyini təsdiqləyən heç bir məlumat yoxdur.
Xatırladaq ki, dekabrın 3-də ABŞ-da bu mövzuda parlament araşdırmasının nəticələri dərc olunub. Orada iştirak edən konqresmenlər 2019-cu ilin sonunda Uhanda ortaya çıxan virusun laboratoriya mənşəli olduğu qənaətinə gəliblər. Onlar patogenin təsadüfən insan laboratoriyasında yoluxma nəticəsində buraxıldığına inanırlar.
Nubar Süleymanova, “İki sahil”