Bu üzdəniraq qurumda aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib
Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qalıb. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir. Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır. Bu qətnamənin Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi. Bu mənada Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur. Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur.
Qəbul edilən bu qətnamədə də anti-Azərbaycan ritorika, Ermənistana açıq dəstək nümayiş olunur. Məsələn, Qərb sanksiyalarından yan keçən İrəvana "gözün üstə qaşın var" deyən olmayıb. Azərbaycanla Ermənistan arasında bu istiqamətdə ciddi proseslərin və razılaşmaların getdiyi halda Avropa Parlamenti buna mane olmağa çalışır. Qeyd edək ki, ölkəmizə qarşı səlib müharibəsinə start verən Fransa və onun himayəsində olan Avropa Parlamentində dəfələrlə bu cür qətnamələrdən əvvəl növbəti qərəzli və riyakar müzakirələr aparılıb. Deputatlarının əksəriyyəti korrupsiya və rüşvət qalmaqallarında adı keçən Avropa Parlamenti yenə kiməsə dərs keçməyə çalışıblar. Bir müddət öncə "Azərbaycanda siyasi vəziyyət və insan hüquqları məsələləri" mövzusunda bədnam müzakirələrdə erməni lobbisinə yaxınlığı ilə seçilən Avropa Komissiyasının əmək və sosial məsələlər üzrə vitse-prezidenti Nikolas Şmit aldığı əmr və tapşırıqlara uyğun olaraq ölkəmizə qarşı hədyanlar yağdırmışdı. Ardınca da riyakarcasına qeyd etmişdi ki, İrəvan və Bakı sülhün bərqərar olunmasına heç vaxt bu qədər yaxın olmayıb və Avropa İttifaqı iki ölkə arasında davam edən sülh prosesini tam dəstəkləyir.
Bu gün heç kimə sirr deyil ki, insan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib və Avropa Parlamenti ondan erməni hərbi cinayətkarları və separatçıları azad etmək üçün istifadə etməyə çalışır. Onların mühitində insan hüquqları anlayışı da demokratiya anlayışı kimi artıq dəyərini itirib. Azərbaycan guya “erməni irsi”ni məhv etməmək barədə çağırışlara əhəmiyyət vermir. Mövcud olmayan bir şeyi necə məhv etmək olar? Bundan əlavə, “erməni irsi”nə qayğı göstərmək istəyənlər, ilk növbədə, Azərbaycan irsinə ciddi və hərtərəfli qayğı göstərməli, qeyd etməli, sənədləşdirməli, Ermənistana qarşı ittihamlar səsləndirməlidirlər. Otuz il ərzində heç bir Avropa strukturu Ermənistanı mədəni irsə qarşı vandalizm aktları törətməkdə ittiham etməyib, halbuki bununla bağlı kifayət qədər faktlar və sübutlar var. Avropa Parlamentinin Azərbaycan tərəfinin Ermənistanın ərazi bütövlüyünə hörmətlə bağlı çağırışları isə böhtandan başqa bir şey deyil. Azərbaycan haranı işğal edib? Əlbəttə ki, onların heç bir cavabı yoxdur. “Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən istənilən fiziki və hüquqi şəxslərə qarşı sanksiya tətbiq etməyə” hazır olmaq tələbləri daha gülməlidir. Yenə də aydınlaşdırmaq lazım idi ki, Ermənistan harada “dəhşətli təhlükə ilə üz-üzədir”, “hansı təhdidlə üz-üzədir”. Bakıya və Azərbaycan qazına qarşı sanksiyaların tətbiqi ilk dəfə deyil ki, təklif edilir və onlar heç vaxt heç yerdə ciddi müzakirə olunmayıb. İlk dəfə deyil ki, Avropa Parlamenti Avropa İttifaqını Azərbaycana hərbi və ya təhlükəsizlik imkanlarının gücləndirilməsinə kömək edə biləcək bütün texniki və maliyyə dəstəyini dayandırmağa çağırır. Erməni milyarderlərinin cibinə baxan Avropa parlamentariləri düşünürlərsə ki, bu cür tədbirlər Azərbaycanın hərbi potensialına və təhlükəsizliyinə hansısa şəkildə təsir göstərə bilər, onlar səhv edirlər. Azərbaycanın bu cür əməkdaşlıq üçün həm mövcud, həm də potensial tərəfdaşları kifayət qədərdir.
Amma istənilən halda Azərbaycan bundan əvvəl olduğu kimi, doğru bildiyi yolla getməyə davam edəcək və ona qarşı səslənən bütün saxta və əsassız iddialara lazım olduğu şəkildə cavab verəcək. Azərbaycanın Avropa İttifaqı, həmçinin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Rəsmi Brüssel Azərbaycanı iradəsinə zidd olan heç nəyə məcbur edə, yaxud sanksiyalarla təhdid edə bilməz. Avropa Parlamenti, Fransa və bəzi Avropa İttifaqı məmurları bunu nə qədər tez anlasalar, bu ikitərəfli münasibətlər və regional sabitlik üçün bir o qədər faydalı olar.
Sevinc Azadi, “İki sahil”