Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 13-də Ankarada ABŞ Dövlət katibi Antoni Blinkenlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, diplomatiya rəhbərləri bir saat yarım ərzində Suriyadakı və ümumiyyətlə, Yaxın Şərqdəki vəziyyətə, həmçinin müdafiə sektorunda qarşılıqlı fəaliyyətlə bağlı addımlara diqqət yetiriblər.
H.Fidan görüşdən sonra bildirib ki, Ankara üçün prioritet Suriyada sabitliyin tez bir zamanda təmin edilməsi və terror təhlükəsinin aradan qaldırılmasıdır.
“Ankara İŞİD və PKK terrorçularının Suriya ərazilərinə nəzarətinin tamamilə aradan qaldırılmasının tərəfdarıdır”, - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, yeni reallıqlar fonunda diqqəti Suriya xalqının maraqlarına yönəltmək, bu ölkənin bütövlüyünü və suverenliyini təmin etmək lazımdır.
“Blinkenlə görüşdə hər iki ölkəni narahat edən məsələləri müzakirə etdik. Suriyada atıla biləcək ortaq addımlar ətrafında fikir mübadiləsi aparılıb”, - deyən türkiyəli nazir Suriyanın gələcəyi ilə bağlı qərarı bu ölkə xalqının özü verməli olduğuna işarə edib.
A.Blinken qeyd edib ki, Birləşmiş Ştatların məqsədi “Suriya xalqının Bəşər Əsəd rejimi dövründə yer almış zəncirləri qırmaq”dır.
“Biz Türkiyə və ABŞ-ın Suriyanın gələcəyində rolunu müzakirə etdik və İŞİD terrorçularına qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğuladıq”, - deyə ABŞ Dövlət katibi qeyd edib.
O, həmçinin ötən gün Ankarada keçirilən görüşə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.