12 dekabr 2024 00:15
255

Ermənistanı da Suriyanın acı taleyi gözləyir

Forpost ölkə iki od arasında vurnuxur: sağ da təhlükəlidir, sol da...

Tarix boyu onun-bunun vassalı olmuş  Ermənistan özünün məntiqsiz və təhlükəli davranışları ilə məchul bir yolla irəliləməkdədir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurması, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusuna üzv olması və qərbpərəst baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı sərt bəyanatları İrəvan-Moskva əlaqələrini gündən-günə gərginləşdirir. Bununla bərabər, o, guya manevr edərək Qərb və Rusiya ilə münasibətlərdə balanslaşdırılmış siasət yeritdiyini düşünür.  Ancaq anlamır ki, onun oyunları baş nazir seçildiyi gündən hər kəsə məlumdur. Rusiya hələlik ona toxunmursa deməli, hansısa bir gözləntisi və ya  məqsədi var.

Paşinyan  isə elə hesab edir ki, öz maraqlarına uyğun olaraq tərəflərin “oyun kartları” ilə oynaya biləcək. Əslində, özünün iradəsi və mövqeyi olmayan bacarıqsız baş nazir kənardan göndərilən hazır ssenariləri icra edir.  İki yana baxan çaş olar-deyiblər. Nikolun ətəyindən yapışdığı Qərbin etibarsızlığı başqa ölkələrdə özünü  bir neçə dəfə göstərib. Sübut edib ki, onun "örkəninin üstünə darı sərmək" olmaz. Ukrayna da təxminən on bir il əvvəl belə edirdi. Qərb Ukraynanın səriştəsiz rəhbərliyini qızışdırıb Rusiya ilə münasibətləri gərginləşdirməyə təhrik etdi.  Lakin manipulyasiyanın sonu üzücü müharibəyə aparıb çıxardı. Müharibə nəticəsində 10 milyndan artıq Ukrayna vətəndaşı Avropa ölkələrinə pənah ararıb, döyüş əməliyyatlarında öldürülənlərin və yaralanıb şikəst olanların sayı bir milyonu keçib, şəhərlər və kəndlər darmadağın edilib. Müharibə isə hələ davam etməkdədir.

Ermənistanla hərbi-texniki və digər əməkdaşlığı inkişaf etdirən Qərb onu da Rusiya ilə həmin qarşıdurma ssenarisinə doğru aparır. Avropa İttifaqının Ermənistanda yerləşdirilmiş müşahidə missiyasının vəzifəsi bu ölkəni müharibəyə sürükləməkdir. Digər tərəfdən də "Ermənistanın yanında olan" dövlətlərdə çevrilişlər və xalq narazılıqları onun da axırının çatdığına bir işarədir. Paşinyanın qoltuğuna "qarpız" verənlər çətin duruma düşdükləri üçün ona heç bir kömək etməyəcəklər. Xalqının nifrətini qazanan Fransa prezidenti Emmanuel Makrondan daha əvvəlki hay-küylü bəyanatlar eşidilmir, Suriyada Bəşər Əsəd başını və ölkənin milyardları götürüb qaçıb, İran rejimi öz "başının milçəyini" qorumaqda çətinlik çəkir. Artıq Ermənistandakı “qırmızı xətlərini” unudub. Bu səbəblərdən indi Ermənistanda dövlətə rəhbərlik edənlərin qanı it qanından qaradır. Çünki “yanında” olmağı vəd verən dövlətlər öz "qın"larına çəkiliblər. Düşünürlər ki, Suriya rejiminin darmadağını onları da gözləyir. Qısaca desək,  Ermənistan Yaxın Şərqdən yaxınlaşan “sunami” kimi təhlükəli geosiyasi vəziyyətlə üz-üzədir.

Bir çox erməni ekspertləri təşvişlə xəbərdarlıq edirlər ki, Yaxın Şərqdəki böhran sürətlə Ermənistanı da cənginə ala bilər. Suriyada baş verənlər Ermənistan üçün həyəcan siqnalı olmalıdır. Türkiyə oradakı fəaliyyətini uğurla başa vurandan sonra Zəngəzur dəhlizi problemi gündəmə gələcək.

Rusiya saytlarından biri iddia edir ki, Qərbdən Ermənistana “Xarici Hərbi Maliyyələşdirmə” (FMF) proqramı çərçivəsində maliyyə resurslarının verilməsi, qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışın asanlaşdırılması, ABŞ-la strateji əməkdaşlığın səviyyəsinin artırılması həm də Azərbaycanla müharibəyə hazırlıq çərçivəsində baş verir.

Belə bir vəziyyətdə Qərb Gürcüstanda öz “oyun kartı”nı oynaya bilsə, Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranın geosiyasi dəyirmanına düşə bilər. O zaman bütün Cənubi Qafqaz od tutub yana bilər. Ancaq belə bir təhlükə Azərbaycanı gözləmir. Özü də bir deyil, bir neçə səbəbdən. Qərb Ermənistanda böyük oyun oynayır. Artıq bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, Vaşinqton Ermənistanda qərbyönlü partiyaların 2026-cı ildə parlamentə daxil olması üçün hərəkətə keçib.

Ermənistanın bədbəxtliyi ondadır ki, eyni vaxtda iki stulda oturmağa çalışan siyasi şoumen Paşinyana ABŞ tam etibar etmir, çünki o, ağlına gələn anda Moskvaya dönə bilər. Ona görə də Qərb Ermənistan parlamentinə öz adamlarını yerləşdirmək və bu yolla ölkənin idarəçiliyini tamamilə öz əlinə almağı planlaşdırır. Əgər belə olsa Ermənistanda da böyük dəyişikliklər başlayacaq. Ölkənin ərazisi hərbi poliqona çevriləcək, Rusiya Qərblə burada toqquşmalı olacaq. Rusiyanın böyük hərbi potensiala malik 102-ci bazası Gümrüdə komanda gözləməkdədir. Xeyli sayda sərhəd qoşunları hələ Ermənistanı tərk etməyib. Əgər hərbi əməliyyatlar başlayarsa Ermənistan ayaqlar altında itib-batacaq, bir dövlət kimi mövcudluğu sual altına düşəcək. Hərçənd ki, o özünü 1988-ci ildən terror təşkilatına çevirib. Daha əvvəllər də orada dövlətçilik ənənələri yerli-dibli olmayıb. Nikol Paşinyanı dostu Bəşər Əsədin acı aqibəti gözləyir. Əsəd kimi Paşinyan da ölkəsini xarici qüvvələrin ixtiyarına verib. Həmin qüvvələr günlərin birində onun axırına çıxacaq.

Qısası, Ermənistan hazırda iki od arasında-Rusiya ilə Qərbin hədəfində qalıb. Birindən qaçsa da o biri onu yandırıb kül edəcək. İkili qorxu beləcə davam etməkdədir. Allah saxlamasın!

Vəli İlyasov, "İki sahil"