Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.
O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.
“Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, - deyə A.Raimkulova əlavə edib.
Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır.
“Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, - deyə nazir vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər.
“Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib.
Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.