Notariat xidmətlərinin bütün növ platforma istifadəçiləri üçün daha əlçatan olması məqsədilə artıq “Mobil Notariat” tətbiqinin veb-sayt versiyası - “notariat.az” istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Yeni istifadəyə verilmiş veb-sayt vasitəsilə etibarnamə və ərizələr də daxil olmaqla, 15 xidmət üzrə əməliyyatları elektron şəkildə həyata keçirmək mümkündür.
Bu xidmətlər arasında ərizə və etibarnamə verilməsi, vərəsəlik işlərinin və sənədlərin yoxlanılması, həmçinin digər sənədlərin rəsmiləşdirilməsi xidmətləri də istifadəçilər üçün əlçatandır.
Qeyd edək ki, “Mobil Notariat” mobil tətbiqi və veb-sayt 24/7 rejimində fəaliyyət göstərir. Həftəsonu və bayram günlərində də xidmətlərdən istifadə etmək mümkündür.
İstifadəçilər mobil tətbiqdə və veb-saytda bütün notariat hərəkətləri ilə bağlı sənədlərini şəxsi kabinetdə görə, sənədlərin statusunu izləyə, sənədlərlə bağlı əməliyyatlar həyata keçirə, onların elektron versiyasından istifadə edə, həmçinin sənədlərin qüvvədən düşməsi ilə bağlı bildirişi dərhal əldə edə bilər.
Xidmət yalnız ölkə daxilində yaşayan vətəndaşlar üçün deyil, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də əlçatandır.
Veb-sayt barədə ətraflı məlumatla videoya keçid edərək tanış olmaq mümkündür.