09 dekabr 2024 01:37
294

Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sənət əsəri Almaniyanın Türk Tarixi və Mədəniyyətləri Muzeyində nümayiş olunub

Dekorativ tətbiqi sənət nümunəsi olan "Dərələyəzim" adlı mücrü dekabrın 8-də Almaniya Türk Tarixi və Mədəniyyətləri Muzeyinin (Begegnungsstube Medina e.V.) ekspozisiyasında nümayiş etdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı məlumat verib.

O bildirib ki, birlik tərəfindən ərsəyə gətirilən, Qərbi Azərbaycanın zəngin mədəni irs incilərini tərənnüm edən "Dərələyəzim" adlı əsər Almaniyanın Türk Tarixi və Mədəniyyətləri Muzeyinin ölkəmizdəki təmsilçisi Anar Rzayevə təqdim edilib.

L.Sərdarlı qeyd edib ki, Türk Tarixi və Mədəniyyətləri Muzeyi 1995-ci ildə "Begegnungsstube Medina e.V" təşkilatının qurucusu, tanınmış ictimai xadim Cəmaləddin Özdəmir tərəfindən yaradılıb. 40 ildən artıq Almaniyada yaşayan Özdəmir türk xalqlarının qədim ənənələrə söykənən zəngin mədəni irsini, onun haqq səsini müxtəlif auditoriyalarda, böyük səhnələrdə dünyaya tanıtmaqla təbliğ edib, hələ illər əvvəl müxtəlif formatlarda Qarabağ həqiqətlərini yayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl ölkəmizə səfəri zamanı tarixi-memarlıq abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımızla yaxından tanış olan Özdəmir, həmçinin Azərbaycanın Xalq rəssamı Ömər Eldarovun emalatxanasını və tanınmış dekorativ tətbiqi sənət ustaları Sərdarlı ailəsinin yaratdıqları, sandıq evi sayılan "Sərdar-sandıq ocağı"nı da ziyarət edib.

Qeyd edək ki, Sərdarlı ailəsinin hazırladıqları dekorativ tətbiqi sənət nümunələri olan sandıq və mücrülər Azərbaycan mədəniyyət tarixində ilk dəfə olaraq müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınıb. Onların əsərləri hazırda Türkiyənin məşhur Topqapı Sarayında, Macarıstan Milli Muzeyində, Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin muzeyində və s. saxlanılır.