07 dekabr 2024 02:58
410

Heydər Əliyev dühası və qüdrətli Azərbaycan

Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan öndər kimi qalan dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayır və hörmətlə yad edilir!

Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqil Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də az olar. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, apardığı islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Məhz Ulu Öndərin qərarı ilə Azərbaycan milli Bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Dövlət Bayrağı kimi elan edilib. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb, sovet rəhbərliyini ittiham edib, Kommunist Partiyasının sıralarını tərk edib. Ulu Öndər Heydər Əliyev əsl liderlik keyfiyyətlərini nümayiş etdirərək 20 Yanvar faciəsi zamanı öz xalqının yanında olub və sovet rəhbərliyinin bu cinayətini pisləyib. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə aparmış, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Görkəmli dövlət xadiminin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaratmışdır. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, Onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.

Ulu Öndər Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla Qərbə inteqrasiya yolu tutuldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu müqavilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Enerji layihələri, neft-qaz strategiyası tarixə Ulu Öndərin adı ilə düşdü. Azərbaycan milli gəlirini artırmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Neft amili Azərbaycanın həm də  milli təhlükəsizlik faktoruna çevrildi.

Demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı olan Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qanunlar Avropa standartlarına uyğunlaşdırıldı. Çoxpartiyalı sistem yarandı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.  Bunlar Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin sübutları idi. O, Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən, bunu həm də Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi. Heydər Əliyev imza atdığı nəhəng iqtisadi layihələrdə məhz bu hədəf üçün-Qarabağın işğaldan qurtarılması üçün çalışdı. Həmin iqtisadi layihələr ölkəmizin maliyyə gücünü artırdı. Nəticədə Azərbaycan güclü ordu quruculuğuna nail oldu.  Ona görə də bu gün xüsusi vurğulanır ki, Qarabağın azadlığının ən böyük memarı Heydər Əliyevdir...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsindəki möhtəşəm Qələbə ilə Ulu Öndər ideyalarınına bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Xalqımız 20 ildir ki, 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi dərin məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir. Millətin sevgisini və rəğbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır. Onun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən salıb. Xalqımızın böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyevin vəfatından illər ötsə də onun əziz xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcəkdir!

Sevinc Azadi, “İki sahil”