04 dekabr 2024 22:18
104

Ermənistan müharibə variantına əl atarsa, böyük faciə ilə qarşılaşacaq

Azərbaycan 2020-ci ilin  Vətən müharibəsindən sonra yeni bir istiqamət qazanıb. Artıq proses belə demək mümkündürsə, yeni mərhələyə transformasiya dövrünü yaşayır - Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Növbəti dövrdə Ermənistanla Azəbaycan arasında münasibətlərin normallaşması üçün müzakirələr təşkil olunur. Amma bu müzakirələrin ən mühüm tərəfi ondan ibarətdir ki, əldə olunacaq razılaşma, başqa sözlə, sülh davamlı, hərtərəfli, bütün suallara aydınlıq gətirəcək şəkildə olmalıdır.

Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində müəyyən müsbət dinamikanın müşahidə edilməsi nikbinlik üçün əsas yaradır. Azərbaycan sülh danışıqlarını ən vacib element olaraq önə çəkir. Cənubi Qafqazda davamlı və etibarlı sülh üçün zəmin yaranmasının vacibliyini ortaya qoyur. Ölkəmizin sülh təşəbbüsləri və onun nəticələri istər regiona, istərsə də regionətrafı coğrafiyaya mühüm üstünlüklər vəd edir. Təsadüfi deyil ki, Bakıda keçirilən COP29 çərçivəsində baş tutmuş bir çox panel iclaslarında ölkəmizin sülhpərvər mövqeyi, regionun iqtisadi inkişafı üçün həyata keçirdiyi strateji yol xəritəsi təqdir olunub.

Azərbaycanın təşəbbüsü ilə meydana çıxan proses 2024-cü il ərzində müəyyən irəliləyişlər əldə etsə də təəssüf ki, konkret olaraq Qərbin Ermənistan üzərindən manipulyasiyalar aparması nəticəsində uğurlu sonluğa çatmır.

Qərbdəki anti-Azərbaycan dairələri yenə də əsassız şəkildə Azərbaycanı hədəfə alır, ölkəmizə qarşı qərəzli münasibətlərini gizlətmirlər.  Cənubi Qafqazda sülh prosesinin intensivləşmə fazasına yaxınlaşması yenidən Qərbi “hərəkətə gətirib”. İllərdir müxtəlif manipulyasiyalarla Ermənistanın sülhdən yayınmasında əsasl rol oynayan Qərb yenidən distabillik axtarışındadır. Bunun üçün isə müxtəlif variantlardan istifadə olunur.

Nəzərə alaq ki, Qərbin Gürcüstan planlarının “divara” dəyməsi bütünlüklə diqqəti İrəvana yönəltməsi üçün həm də bir vəsilə oldu. Qərb Ermənistanda özünün maraqlarının təmini üçün “vətəndaş cəmiyyəti” qurur, “siyasi partiyalar” formalaşdırır, “ictimai hərəkatlar” yaradır, bir sözlə, Ermənistandakı ab-havanı özünün maraqlarına uyğunlaşdırır. Məsələn, son dövrlərdə Fransanın Cənubi Qafqazdakı acı məğlubiyyətləri Ermənistanın sülhə doğru yol alması üçün bir səbəbə çevrilmişdi. Erməni cəmiyyəti anlayırdı ki, Paris müharibə dövründə olduğu kimi, yenidən başvermə ehtimalı yaranan eskalasiyanı yalnız seyr edə bilər - bu baxımdan ölkədəki əhval-ruhiyyə sülh assosasasiyası yaradırdı. Qərbin aktivləşməsi, Ermənistanı silah-sursatla təmin etməsi, Avropa ölkələrinin, Hindistanın işğalçını silahlandırması və son olaraq Yunanıstandan S-300 komplekslərinin veriləcəyi xəbərləri isə yenidən təcavüzkar ölkədə revanşizmin “alovlanmasına” yol açıb. Silahlandırma təhriki, yeni müharibəyə hazırlaşmaqla bağlı isterik hal regionda yeni situasiya formalaşdırmaq cəhdidir. Qərb yenidən regionda müharibə vəziyyəti yaratmaqla özünün maraqları uğrunda “savaşacağını” bəyan edir...

Qərbin təhriki ilə Hindistandan silah alınması, Yunanıstanın "S300" raket komplekslərini Ermənistana vermək niyyəti Avropa İttifaqının ölkəmizə qarşı düşmən münasibətinin nəticəsidir. Bu silahlanma prosesləri Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına, yeni müharibənin başlanmasına doğru aparır.  Ermənistanın yenidən silahlanması, revanşist əhval-ruhiyyənin dəstəklənməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir. Bu təxribatda heç bir xarici dəstəyə baxmayaraq, Ermənistanın nəinki qalib gəlmək, hətta "öz əlində olanı saxlamaq" şansı yoxdur.

Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul etməyə tələsmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir.    Bütün bunlar isə onu göstərir ki, özlərini üzdə “sülh göyərçini” kimi göstərən Qərbin sülh çağırışları səmimi davranış deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində “ilin sonunadək Azərbaycanla nə isə bir sənəd imzalayaq” şəklində açıqlama verməsi nə siyasi, nə də hüquqi aspektdən doğru fikir sayıla bilməz. Birinci növbədə, 1991-ci ildən, yəni SSRİ-nin süqutundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi iki ölkənin imzalayacağı ilk sənəd kimi tarixə düşəcək. Burada bütün suallar öz cavabını tapmalıdır. Sərhədlərin demarkasiyası və delimitasiyası dəqiq araşdırılmalı və sənəddə əksini tapmalıdır. Qarşıdakı illərdə hər hansı bir iddianın olmayacağına əminlik formalaşdırılmalı və öhdəlik olaraq götürülməli, qondarma iddialardan əl çəkilməli və bu öhdəlik Ermənistanın Azərbaycana qarşı iddialarının əks olunduğu rəsmi sənədlərdən çıxarılmalı, beynəlxalq platformalar üzrə Qarabağ məsələsinin tam bitdiyi elan edilməli. ATƏT-in Minsk qrupunun rəsmən ləğv olunması bəyan edilməli, bölgədə hər hansı bir təhdidin qalmadığına əminlik yaradılmalı və təhlükəsizlik arxitekturasına yaranacaq təhdidlər aradan qaldırılmalıdır.  Bir sözlə, sülh hərtərəfli və məzmunlu, dolğun olmalı, bütün ən xırda predmetlərə qədər açıq sual buraxmamalıdır.  İrəvan yalnız rəsmi şəkildə konstitusiyasında dəyişiklik etməklə sülh prosesinin ardıcıllığını təmin edə bilər. Ermənistan konstitusiyasını dəyişmədikcə bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının hər an eskalasiyaya çevrilmə təhlükəsi var.  Azərbaycanın şərtlərinə əməl edilməyəcəyi təqdirdə sülhdən söhbət belə gedə bilməz. Ölkəmizin bu dəyişməz tələbləri hələ də öz qüvvəsindədir.

Qısa təhlil bu qənaətə gəlməyə əsas verir ki, hazırda Ermənistanın apardığı “sülh təbliğatı” isə heç də səmimi təsir bağışlamır. Ermənistanın beynəlxalq aləmdə sülh tərəfdarı kimi təqdim olunması süni xarakter daşıyır. Beynəlxalq ictimaiyyətin Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı aktlarını, Azərbaycan torpaqlarında illərlə vandallıq etməsini, təcavüzkar siyasətini görməzdən gəlməsi regionda daimi sabitlik üçün ciddi maneədir. Qərbin planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atan Ermənistan unutmasın ki, müharibə variantına əl atsa böyük faciə ilə qarşılaşacaq.

Ermənistanın təxribatçı addımları və revanşist yanaşmaları fonunda  Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi qorumaq istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür. Dövlətimiz sülh müqaviləsinin imzalanmasında sözün həqiqi mənasında israrlı olduğunu nümayiş etdirir. Azərbaycan sülh prinsiplərinə sadiqdir və regionda əbədi sülhün təmin olunması üçün bütün imkanlardan istifadə etməyə çalışır.

Yaqut Ağaşahqızı, “İki sahil”