İki yüz il boyunca soydaşlarımız Ermənistan tərəfindən etnik təmizləmələrə, soyqırımlarına, deportasiyalara məruz qalıblar. Haylar sonuncu dəfə azərbaycanlılara qarşı 1987-1991-ci illərdə deportasiya həyata keçiriblər. Həmin illərdə Qərbi Azərbaycandan 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, evləri əvəzi ödənilmədən qəsb edilib. 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb. Özü də bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş verib. Bir məsələni də xüsusi vurğulayaq ki, Ulu Öndər Heydər Əliyevin sovet hökumətinin rəhbərliyindən uzaqlaşdırılması Qərbi azərbaycanlıların sonrakı acı taleyinin başlanğıcı olub. Yəni, Ümümmilli Lider 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırıblar. Bu isə o deməkdir ki, 1970-80-ci illərdə Ermənistanda məruz qaldıqları təzyiqlərə yalnız Ulu Öndərin nüfuzuna və siyasətçi kimi qüdrətinə arxalanaraq davam gətiriblər.
Ötən dövr ərzində haylar həmin kəndlərin əksəriyyətini xarabazarlıqlara çeviriblər. Təkcə bir faktı qeyd edək ki, Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda aparılan monitorinqlər nəticəsində məlum olub ki, onlardan cəmi ikisi qalıb, 450-nin heç bir izi yoxdur. Eyni zamanda 150-yə yaxın qəbiristanlığın sadəcə dağıntıları qalıb və onları bərpa etmək demək olar mümkünsüzdür. Hətta şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Ancaq bəzi Qərb dövlətləri, həmçinin beynəlxalq qurumlar daşnakların bu kimi əməllərini sanki görmür, ya da görmək istəmirlər.
Azərbaycan Ermənistanı dəfələrlə beynəlxalq hüquqa dair öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa çağırıb. Amma buna da hələ məhəl qoyan yoxdur. Şübhəsiz, bu məsələdə özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətlərinin, xüsusilə Fransanın azərbaycanlıların qayıdış hüququna biganəliklə yanaşmalarından, həmçinin ayrı-seçkilikdən irəli gəlir.
Amma müəyyən çətinliklərə baxmayaraq artıq neçə ildir ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bütün bu yaşananları beynəlxalq aləmə çatdırmaq üçün səylə çalışır. Hətta beynəlxalq səviyyəli tədbirlər də təşkil edir. Bu isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi deməkdir. Sözügedən qurum dekabrın 5-də Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günündə “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans da təşkil edəcək. Konfransa 51-dən artıq dövlətdən 100-dən çox nümayəndənin qatılacağı gözlənilir. Bu tədbir çərçivəsində baş tutacaq beş panelin hər birində beş məruzə dinləniləcək. Daha doğrusu, tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər beynəlxalq müstəvidə bir daha müzakirə ediləcək.
Yeri gəlmişkən qeyd edək ki, iki il öncə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimi zamanı Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdi: “Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin”. Bu mənada demək olar ki, belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi dövlət başçımızın siyasətinin prioritetlərindən birini təşkil edir.
Artıq bu, bir faktdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən, həmçinin birgünlük lokal antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərimizin qayıdışı təmin olunub. Bu möhtəşəm uğurlarımız Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıtmaq hüququ yaradıb, onlarda qayıdışa ümid yaradıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”