Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq» tezisi təhsilimizin dünəninə, bu gününə bir baxış, gələcəyi ilə bağlı prioritetlərin müəyyənləşdirilməsində əsasdır. Bu fikrin davamı olaraq, dövlətimizin başçısı İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, görərik ki, inkişafı, tərəqqini təmin edən bilikdir, elmdir, yeni texnologiyalardır. Məhz bu birlik iqtisadiyyatın sürətli inkişafına yol açır ki, bu da öz növbəsində bütün istiqamətləri əhatə edən təkmil islahatların həyata keçirilməsini, Dövlət Proqramlarından irəli gələn vəzifələrin uğurlu icrasını stimullaşdırır.
Ölkənin inkişafında əhəmiyyətli rola malik olan kadr potensialının yetişdirilməsində ali təhsil ocaqlarının ümumilikdə məqsəd və məramı eyni olsa da, bu məqsədə nail olmaq üçün gördükləri işlər özəlliyi ilə diqqət çəkir. 70 ildən artıq zəngin yol keçən Bakı Slavyan Universitetinin timsalında da bu özəlliyi görmək mümkündür. Adından da bəlli olduğu kimi, beynəlxalq əməkdaşlığa xüsusi önəm verən bu ali təhsil ocağının yetirmələri bu günümüzün əsas çağırışı olan müxtəlif ölkələrin dillərini, mədəniyyətlərini, tarixini öyrənməklə möhkəm bazaya malik olurlar.
Dünən iştirak etdiyimiz görüş bir daha bu əlaqələrin hazırkı səviyyəsinə işıq saldı. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase və Misirli diplomat Sameh Əl- Məşədlə görüşündə Azərbayana, eyni zamanda Bakı Slavyan Universitetinə bağlılıqları suallar əsasında açıqlandı. Qeyd edək ki, görüşə Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase tərəfindən bu əməkdaşlığa işıq salan, Bakı Slavyan Universitetinin fəaliyyətinə yüksək dəyərin ifadəsi olan mükafatın universitetin rektoru, professor Nurlana Əliyevaya təqdimatı ilə yol açıldı.
Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase söhbət əsasında məqsəd və məramlarını da açıqladı və bildirdi ki, yeni bir saytın yaradılmasında maraqlıdırlar. Bu sayt gənc jurnalistlər və tələbələrlə sıx birliyin yaranmasına xidmət edəcək. Sayta təqdim olunan yazılar, çəkilişlər onların vasitəsilə birbaşa dünyaya çıxış əldə edəcək. Saytın bütün idarəçiliyi və lisenziyaları BSU-ya verilir. Belə bir saytın fəaliyyəti şübhəsiz ki, maraqlı, eyni zamanda həqiqətlərin təbilği üçün önəmlidir. Sayt rus dilində fəaliyyət göstərəcək.
N.Əliyeva görüşdə bildirdi ki, Peter Tase ötən il Universitetimizdə oldu. Qayıtdıqdan sonra Amerikanın 4 jurnalında universitetimiz haqqında çox geniş yazı dərc etdi. Həmin yazılar geniş əks-səda doğurdu.
Bakı Slavyan Universitietinin elmi işlər üzrə prorektoru Rafiq Novruzov bildirdi ki, təbii bu bizdə böyük rəğbət hissi oyatdı. Bu baxımdan ki, biri var özümüz bu barədə yazaq, biri də var dünya mətbuatında P.Tase kimi jurnalistlərin imzası ilə belə məqalələr dərc olunsun.
P.Tase vurğuladı ki, növbəti məqaləsini Nurlana Əliyevanın Bakı Slavyan Universitetinə rektor təyin edildiyi vaxtdan sonrakı dövrdə gördüyü işlərə, fəaliyyətinə həsr edəcək. Bu istəyə qarşılıq olaraq N.Əliyeva qeyd etdi ki, biz çalışacağıq ki fəaliyyətimiz mahiyyətli olsun.
Qeyd edək ki, Marquette Universitetinin siyasi təhlilçisi və beynəlxalq əlaqələr üzrə eksperti Peter Tasenin ingilis dilində yayımlanan “Eurasiya Dairy” (Avrasiya gündəliyi) portalına Xocalı soyqırımı haqqında müsahibəsi olmuşdur. Həmin müsahibədə Peter Tase Xocalı həqiqətlərindən, Azərbaycan xalqının məruz qaldığı soyqırımından söhbət açmaqla yanaşı, həm də Naxçıvanın blokadada olmasına da münasibət bildirmişdir. P.Tase iki dəfə Naxçıvanda olub.
Həmin müsahibəsində araşdırmaçı bu fikirləri xüsusi qeyd etmişdir ki, Qafqazın mərkəzində iki tərəf arasında münaqişənin baş verməsini müşahidə etmək üzücü haldır. Bir tərəfdə mədəniyyətlər və dinlərarası dialoq, demokratik təsisatlar və insan hüquqlarını təbliğ edən Azərbaycan, digər tərəfdə isə korrupsiya, daxili nizamsızlıq, yüksək cinayətkarlıq, BMT qətnamələri və beynəlxalq normaları pozaraq 20 faiz Azərbaycan torpaqlarını işğal edən Ermənistan dövləti dayanır. Bundan başqa, Yerevan 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının suveren ərazisi olan Naxçıvan Muxtar Respublikasına qarşı iqtisadi blokada tətbiq edib. Dünya ictimaiyyəti bilməlidir ki, Naxçıvan əhalisi ticarət və digər sahələr bir tərəfə, Ermənistan tərəfindən tətbiq edilmiş iqtisadi soyqırımdan əziyyət çəkir.
Azərbaycan həqiqətlərinə beynəlxalq ekspertlərin, jurnalistlərin baxışı təbii ki, ölkəmiz üçün xüsusi önəm daşıyır.
Görüşdə iştirak edən Misirli diplomat Sameh Əl-Məşəd Azərbaycan sevgisindən geniş bəhs edərək, bu istəkdən qaynaqlanan və həqiqətlərimizə işıq salan kitablarından bəhs etdi. Həmin kitablarda Ermənistanın hiyləgər siyasəti, Azərbaycan torpaqlarının işğal altında saxlanılması, bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşadığı geniş şəkildə şərh olunur.
Sameh Əl-Məşəd məhz diplomat olduğu üçün belə faktların əldə olunmasının onun üçün çətin olmadığını açıqladı. Eyni zamanda bildirdi ki, erməni yalanlarını ifşa etdiyi üçün hər zaman təzyiqlərlə üz-üzədir. Hətta Misirdə fəaliyyət göstərən Ermənistan səfirliyinin xüsusi tapşırığı ilə erməni jurnalist konkret işini məhz onu tənqid etməyə həsr edib. Saytlarda, mətbuat səhifələrində geniş yer alan yazışmaların sonunda erməni jurnalist bu fikri qeyd edib ki, sən Azərbaycanın nökərisən, kobud və zəif diplomatsan.
Erməni jurnalistin Misirli diplomata bu cavabına Nurlana Əliyeva belə münasibət bildirdi- «Özgəsinin torpağına, tarixinə, mədəniyyətinə, etnoqrafiyasına göz dikən, həqiqətləri yalanlara qurban verən insanların ağası olmaqdansa, ədalətli, tərəqqipərvər, sülhsevər insanların qulu olmaq daha yaxşıdır.
Sameh Əl-Məşəd N.Əliyevanın bu fikrini yüksək dəyərləndirdi və bildirdi ki, mətbuat səhifələrində yazışmaların, cavabların ardınca Azərbaycan həqiqətlərinə işıq salan belə bir kitabın işıq üzü görməsi ermənilərə növbəti zərbə oldu. İndi ermənilər artıq məyusdular. Bu baxımdan ki, mənə hansı şəkildə cavab verəcəklərini düşünürlər. Kitab ərəb, ingilis və rus dillərində çap olunub. Nəşr belə adlanır : «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: gələcəyi və həlli yolları» 500 səhifəlik ensiklopedik kitabda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri faktlar əsasında çatdırılır. Sameh Əl-Məşədin sülh səfiri missiyasını da nəzərə alsaq, onun dünyada, regionda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatına töhfə vermək istəyi daha aydın başa düşülür.
Misirli diplomat diskusiya şəklində davam edən görüşdə Azərbaycanı çox sevdiyini, möhkəm bağlılığını, Azərbaycanın postsovet ölkələri sırasında ən inkişaf etmiş ölkə olduğunu da bildirdi. Bu fikri böyük ruh yüksəkliyi ilə qeyd etdi ki, noyabrın sonlarına qədər ölkəmizdə olduqları dövrdə daha dolğun məlumatlar əldə edəcək, Azərbaycan haqqında yazdıqlarına yeni əlavələr olunacaq.
Qeyd edək ki, qonaqlar bu müddətdə Bakı Slavyan Universitetinin tələbələrinə mühazirələr oxuyacaqlar. Qeyd edək ki, mühazirələr ötən il də oxunub. Sözsüz ki, bu əməkdaşlıq, bilik mübadiləsi bazanın daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Auditoriyada tələbələrlə görüşən qonaqlar fikir mübadiləsi əsasında gözləntilərini açıqladılar.
Təbii ki, hər bir təhsil ocağı kimi Bakı Slavyan Universtieti də ölkəmizin bugünkü çoxsaylı ali təhsil müəssisələri arasında özəlliyini qorumağa, yüksək ixtisaslı tələbələr yetişdirməklə inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfini qarşıya qoyan Azərbaycanın davamlı uğurlarına töhfə verməyə səy göstərir. Hər zaman qeyd etdiyimiz kimi, səyləri birləşdirməklə, təcrübə mübadiləsi aparmaqla qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq mümkündür.
Yeganə Əliyeva, Şəmsiyyə Əliqızı,
Günel Eyyubova, Vüsal Cahanov (foto), «İki sahil»