28 noyabr 2024 18:20
113

Sumqayıtın 75 illiyi: Möhtəşəm tədbir və unudulmaz anlar

Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. Sumqayıt şəhərində, “Qərb” Sarayında daha bir tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

“İki sahil” xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Sumqayıtın 75 illik dövrünü əhatə edən film nümayiş etdirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıt sakinlərini təbrik edib.

Zakir Fərəcov bildirib ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olmuşdur. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşamışdır. Çünki Ulu Öndər Sumqayıta xüsusi qayğı və məhəbbət bəsləyirdi. Qədirbilən sumqayıtlılar da Ümummilli Lider Heydər Əliyevin Sumqayıtla bağlı qayğılarını son dərəcə yüksək qiymətləndirirlər. İndi ikinci həyatını yaşayan, yenidən cavanlaşan və hər qarış torpağı canlanan 75 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib.

Şəhər rəhbəri qeyd edib ki, özünəməxsus müasir şəhər nümunəsinə çevrilən Sumqayıt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ən gözəl, abad, müasir bir şəhərə çevrilib. Son 21 ildə Prezident İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, şəhərin tərəqqisində və inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.

Vurğulanıb ki, şəhər infrastrukturunun yenidən qurulması, küçə və məhəllələrin asfaltlanması, abadlaşdırılması və genişləndirilməsi, əhaliyə göstərilən müasir, rahat nəqliyyat xidmətinin, lift təsərrüfatı xidmətinin yaxşılaşdırılması, ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının artırılması və digər işlər böyük coşqu ilə həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. Bu gün Sumqayıt çox gözəldir, inanırıq ki, sabahı bundan da gözəl olacaq.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, müxtəlif illərdə Sumqayıta rəhbərlik etmiş, Rasim Eminbəyli, Eldar İsmayılov və Şakir Abuşov şəhər sakinlərini təbrik ediblər, Sumqayıtın uğurlarından danışıblar.

Rumuniyanın Azərbaycandakı səfiri Vasile Soare və Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen, Polşanın Belostok şəhərlərindən gələn nümayəndələr tədbirə qatılaraq təbriklərini çatdırıblar. Tədbirin möhtəşəm şəkildə təşkil edildiyini və onların yaddaşında xoş izlər buraxacağını bildiriblər.

Şair, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü Əşrəf Veysəlli, Şair-publisist Əvəz Mahmud Lələdağ Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun anası Emma Şükürova, Şair, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü Ofeliya Babayeva da öz təbriklərini səsləndirərək Sumqayıtın sürətli inkişafından qürur duyduqlarını ifadə ediblər. Onlar Sumqayıtın Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyini vurğulayıblar.

Sonda respublikanın tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.