28 noyabr 2024 12:47
85

İcma Yunanıstanı regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırıb

Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Vurğulanıb ki, mətbuatda Yunanıstan tərəfindən Ermənistana müasir silah sistemlərinin verilməsi ilə bağlı xəbərlər yayılıb:

"Bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir".

Qeyd olunub ki, Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarımızdan didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir:

"Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır".