Cənubi Afrika Respublikasının (CAR) meşə, balıqçılıq və ətraf mühit naziri Dion Corc BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini alqışlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə CAR-ın Meşə, Balıqçılıq və Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, Paris Sazişinin karbon bazarlarına aid 6.2 və 6.4-cü maddələri üzrə Bakıda qəbul edilmiş qərarlar CAR və digər inkişaf etməkdə olan iqtisadiyyatlara bu sahədə yeni layihələr başlatmağa imkan yaradacaq. Bu layihələr “yaşıl texnologiya”lara investisiyaların cəlb edilməsinə və iqtisadi imkanlara dəstək verəcək.
"Bəzi tərəflər COP29-un sədrliyi ilə bağlı narazılıqlarını ifadə edib və qərarların tam konsensus olmadan qəbul edildiyini iddia ediblər. Lakin CAR üçün bu qərarlar qələbədir. Başqalarının ifadə etdiyi məyusluğu başa düşürük. Lakin konfransın nəticələrini düzgün istiqamətdə mühüm addım hesab edirik. Bu, danışıqlardan əvvəl malik olduqlarımızdan daha çoxdur. İndi, xüsusilə CAR-ın G20-nin növbəti sədri olacağını nəzərə alsaq, gələcək fəaliyyətlər üçün əsasımız var", - qurum nazirin sözlərindən sitat gətirib.