25 noyabr 2024 19:59
104

Türkiyə mediası COP29-un nəticələrini geniş işıqlandırıb

Türkiyə mətbuatı Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarını geniş işıqlandırıb.

“İki sahil” xəbər verir ki, “Haber Global” telekanalı Bakıdan hazırladığı reportajda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün ildə 300 milyard dollar sərmayə qoymağa hazır olduqlarını elan edən inkişaf etmiş ölkələrin öhdəliklərinə diqqət çəkib.

Reportajda qeyd olunur ki, Bakıda ikihəftəlik intensiv danışıqlar “iqlim maliyyələşməsi”nin həcminin mərhələli artırılması ilə bağlı mühüm razılığın əldə olunmasına imkan verib.

Telekanal COP29-u “iqlim diplomatiyasında dönüş nöqtəsi” adlandıran Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına diqqət çəkib və bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini də təqdim edib.

“Anadolu” xəbər agentliyi, həmçinin COP29 çərçivəsində “iqlim maliyyələşməsi” mövzusunda fəal müzakirələrə, eləcə də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsinə diqqət çəkib.

Qardaş ölkənin aparıcı informasiya agentliyi Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq, Azərbaycanın vicdanlı vasitəçi kimi çıxış etdiyini və iqlim danışıqlarına qərəzsiz dəstəklənməsi üçün bütün imkanlardan istifadə etdiyi barədə bəyanatından sitat gətirib.

Agentlik, həmçinin Azərbaycanda iqlim sammitinin təşkilinin səviyyəsini yüksək qiymətləndirən Bosfor Universitetinin professoru Levent Kurnazın qiymətləndirməsini də qeyd edib.

Ekspert qeyd edib ki, Türkiyə COP29-da iştirakı sayəsində qardaş ölkənin bu cür irimiqyaslı tədbirlərin təşkili təcrübəsini, o cümlədən Ankaranın COP31-ə ev sahibliyi etmək üçün müraciəti fonunda öyrənmək imkanı əldə edib.

Eyni zamanda, L.Kurnaz iqlim dəyişiklikləri ilə mübarizədə Qərb ölkələrinin yekun öhdəliklərini qeyri-kafi adlandırıb.

Ekoloji xəbərlər üzrə ixtisaslaşmış “Yeşil Gazete” (“Yaşıl Qəzet”), eləcə də bir sıra digər nəşrlər iqlim dəyişiklikləri ilə mübarizə ilə bağlı Türkiyənin Uzunmüddətli Strategiyasının təhlili prizmasından iqlim sammitinin nəticələrini işıqlandırıblar.

Türkiyənin media strukturları rəsmi Ankaranı kömürdən tamamilə imtina etməyə çağıran ölkədəki bir sıra ətraf mühit təşkilatlarının mövqeyini də işıqlandırıb.