23 noyabr 2024 01:58
99

Narkotik xassəli bitkilərin qanunsuz əkilməsinin qarşısı alınır

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədi ilə İş Planı təsdiq edilmişdir.

Respublikanın münbit torpaq sahələrində və meşə zolaqlarında əkilən və ya yabanı halda bitən narkotik xassəli bitkilərin aşkar olunması, həmçinin bu bitkilərin məhv edilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2024-cü il ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Nazirliyin regional ekologiya idarələrinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı hallar aşkar edilməmişdir.

Eyni zamanda Regional meşə təsərrüfatı mərkəzləri tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı 07.05.2024 il tarixində İsmayıllı rayonu ərazisində 9 saylı  Rayon Meşə Təsərrüfatı Mərkəzinin  Qalınçaq meşəbəyliyinin 5 saylı meşə dolayında 6 m2 ərazidə əkilib becərilmiş 20 ədəd  çətənə kolları Mərkəzin əməkdaşları tərəfindən aşkar edilmiş və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə məhv edilmişdir.

22.06.2024-cü il tarixində Beyləqan rayonu ərazisində 9 saylı  Rayon Meşə Təsərrüfatı Mərkəzinin  5 saylı meşəbəyliyinin 6 saylı dolayında  çəkisi 1580 kq olmaqla 2480 ədəd yabanı halda bitmiş çətənə kolları  aşkar edilmiş və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə yandırılaraq məhv edilmişdir.

24.07.2024-cü il tarixində Sabirabad rayonu ərazisində 3 saylı Rayon Meşə Təsərrüfatı Mərkəzinin Sabirabad meşəbəyliyinin 2 saylı dolayında (çəkisi 2180 kq olmaqla 3120 ədəd yabanı halda bitmiş çətənə kolları  aşkar edilmiş və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə yandırılaraq məhv edilmişdir.  

07.08.2024-cü il tarixində Şəki rayonu ərazisində  7 saylı  Rayon Meşə Təsərrüfatı Mərkəzinin  Küngüt meşəbəyliyinin 10 saylı meşə dolayında 0.10 ha ərazidə əkilib becərilmiş çətənə kolları Mərkəzin əməkdaşları tərəfindən aşkar edilmiş və Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə məhv edilmişdir.

Bundan əlavə Zaqatala Dövlət Təbiət Qoruğunun və Şahdağ Milli Parkının İsmayıllı bölməsinin xidməti ərazilərində narkoxassəli bitkilər aşkar edilmişdir. Belə ki, 21 iyun 2024-cü il tarixində Şahdağ Milli Parkının İsmayıllı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Talıstan meşəbəyliyinin 1, 3 və 4 saylı dolaylarının ərazisində çətənə kollarına (lat. Cannabis)  bənzər yabanı halda bitən narkoxassəli bitkilər aşkar olunmuş və İsmayıllı Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhv edilmişdir.

6 sentyabr 2024-cü il tarixində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları, Sərhəd qoşunları və Daxili qoşunların hərbi qulluqçuları ilə birlikdə Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri genişmiqyaslı tədbirlər çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun 02 saylı dolayının 85-ci kvartalının ərazisində aqrotexniki qaydada qulluq olunmuş sayı 214 ədəd olan çətənə kolları aşkar edilmiş və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə yandırılaraq məhv edilmişdir. 

Həmçinin bildiririk ki, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsinin, eləcə də yabanı bitənlərin qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir və bu iş daim nəzarətdə saxlanılır.

Məltəm Əhmədzadə