21 noyabr 2024 10:44
83

Azərbaycan ədliyyəsi milli və dövlətçilik amallarına hər zaman sadiqdir

Bu gün Azərbaycan xalqı yalnız müasir müstəqillik deyil, son bir neçə əsrlik dövlətçilik tarixinin ən şərəfli və şöhrətli günlərini yaşayır. 4 il əvvəl 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ötən il isə bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunması tarixin ən güclü Azərbaycanının təntənəsinə çevrildi. Cənab Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə tariximizə qızıl hərflərlə yazılan bu zəfərlər hər zaman milli qürurmuzun istinadgahı olacaq, gələcəyimizə işıq salacaq,  xalq və dövlət olaraq başımızı uca edəcək.

Vətən müharibəsindən və antiterror əməliyyatlarından ötən dövr də dövlətimiz üçün mühüm hadisələrlə əlamətdardır. Bu sırada Qazax rayonu istiqamətində 4 kəndimizin də erməni işğalından azad olunması, Rusiya sülhməramlı kontingentinin vaxtından da tez Qarabağ iqtisadi rayoununu tərk etməsi, Ermənistanla sərhəddə delimitasiya işlərinin başlanılması möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin təcəssümünə çevrildi, dövlətimizin növbəti mühüm siyasi-diplomatik nailiyyətləri oldu.

Bütün bu uğurlar Azərbaycanın evsahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) isə  davam etdi.  COP29-da iştirak etmək üçün Azərbaycana gələn 200-ə yaxın dövlətin təmsilçisi respublikamızın yüksəlişinə şahidlik etdilər, Vətən savaşındakı zəfərimizlə, xalqımızın qalibiyyəti ilə daha yaxından tanış oldular.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, torpaqlarımızın işğaldan və separatizmdən azad olunması bütün ərazilərimiz üzərində dövlətimizin konstitusion əsaslarını təmin edib. Artıq bütün ərazilərimiz üzərində, o cümlədən bir vaxtlar erməni separatizminin mərkəzi olmuş və indi Azərbaycan şəhəri kimi tarixi simasını bərpa edən Xankəndidə dövlət idarəetməsi uğurla həyata keçirilir. Bu sırada əsas vəzifələrdən biri də azad edilmiş ərazilərdə məskunlaşan əhalinin ədliyyə xidmətlərinə əlçatanlığının təmin olunması, bu sahədə müvafiq infrastrukturların yaradılması və s. bu kimi tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə ədliyyə fəaliyyətinin təşkili və ədliyyə orqanlarının işinin əlaqələndirilməsi üçün Vətən müharibəsindəki Zəfərdən sonra Qarabağ regional ədliyyə idarəsi yaradılmışdır.

Elə buna görə də ədliyyə işçiləri 22 noyabr ədliyyə işçilərinin peşə bayramı gününü indi daha dolğun, daha böyük qürurla qeyd edirlər. Peşə bayramımızın respublikamızda Zəfər təntənəsinin daha böyük coşqu ilə davam etdiyi günlərə təsadüf etməsi bu əlamətdar tarixə xüsusi rəng qatır.

Bu il Azərbaycan ədliyyəsinin yaranmasının 106-cı ili tamam olur. 1918-ci il noyabr ayının 22-də Azərbaycan Xalq Cümhüriyyətinin qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsindən sonra Azərbaycan ədliyyənin şərəfli tarixi başlamışdır. O dövrdə bilavasitə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə müstəqil dövlətimizin əsaslarının möhkəmləndirilməsinə xidmət edən qanun layihələri hazırlanmış və qəbul edilmiş, ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində vacib addımlar atılmışdı.

Sovet hakimiyyəti illərində respublikamızın ədliyyə sistemi enişli-yoxuşlu yollardan keçmişdir.  Həmin dövrdə Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci ildə respublikamızda Ədliyyə Nazirliyinin təsis olunaraq sabit fəaliyyətinin təmin edilməsi bütün ədliyyə sisteminin inkişafına, o cümlədən notariat fəaliyyətinin təkmilləşməsinə yol açmışdır. 

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində də ədliyyə sistemində köklü dəyişikliklər baş vermiş, ədliyyə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir.  Dövlətçilik irsimizə və bu sahədə varisliyin təmin olunmasına xüsusi diqqətlə yanaşan   Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Ümummilli Lider ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Azərbaycan ədliyyə tarixinin səhifəsinə özünün şərəfli imzasını atmışdır. Bu ali diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev respublikamızda hüquq sisteminin inkişafını, bu sahədə ən müasir innovasiyaların tətbiqini daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ötən 21 il ədliyyə sahəsində mühüm yeniliklərin baş verməsi ilə əlamətdardır. Xüsusi ilə qeyd edilməlidir ki, bu dövrdə elektron və mobil xidmətlərin, rəqəmsal innovasiyaların tətbiqi işinin müasir çağırışlara uyğun təşkili ədliyyə fəaliyyətinin daha da təkmilləşdirilməsinə yol açmışdır.

Bu dövrdə ədliyyə fəaliyyətinin ənənəvi sahələrindən vətəndaşlara notariat xidmətlərin göstərilməsi də müasirləşdirilmiş və yeni keyfiyyət mərhələsinə yüksəldilmiş, o cümlədən xüsusi notariata keçilmişdir. Fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin həyata keçirilməsinin, mülki dövriyyə münasibətlərinin mübahisəsiz rəsmiləşdirilməsinin hüquqi təminatçısı kimi Azərbaycan notariatı hazırda innovativ və rəqəmsal çağırışlara uyğun olaraq vətəndaşlara çevik, operativ və asan xidmətlər göstərir. Bunu notariat ofislərində həyata keçirilən əməliyyatların sayı da təsdiq edir. Böyük məmnunluqla qeyd etməliyik ki, Azərbaycan həm də “Elektron notariat” informasiya sistemini tətbiq edən ilk ölkələr sırasında yer alır. “Mobil notariat” tətbiqi vasitəsilə müxtəlif notariat hərəkətlərinin mobil cihazlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi təmin edilir. Bu baxımdan birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın notariat sistemi öz fəaliyyətində ən qabaqcıl təcrübələrə əsaslanır və  digər ölkələrə nümunə ola biləcək səviyyədədir.

Hazırda Azərbaycanın ədliyyə sistemi ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq müasir inkişaf dövrünü yaşayır. Bu sahədə ölkəmizin nailiyyətləri beynəlxalq aləmdə böyük maraq doğuraraq yüksək qiymətləndirilir. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin siyasi iradəsinə, onun həyata keçirdiyi hüquqi islahatlara əsaslanır. Bütün bu uğurlar fonunda ədliyyə işçiləri 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününü vüqarla qarşılayırlar.

Azərbaycan ədliyyəsi milli və dövlətçilik  amallarına hər zaman sadiqdir. Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfəri xalqımıza yaşatdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə hər zaman minnətdar olacaq, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklər.

Səma Ələkbərova,

Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu