21 noyabr 2024 08:13
82

“Milliyyet”: COP29-da Türkiyənin nəqliyyatda istixana qazları emissiyalarının sıfırlanması hədəfləri açıqlanıb

Türkiyənin “Milliyet” qəzeti oxucularına ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı ilə bağlı məlumat verib.

“İki sahil” xəbər verir ki, nəşr şəhər nəqliyyatı sahəsində aparılan çoxsaylı islahatlara diqqət yönəldib. Bu islahatlar barədə Türkiyə nəqliyyat naziri iqlim sammitinin iştirakçılarına məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyə hakimiyyət orqanları təkcə şəhər mühitində istixana qazları tullantılarını minimuma endirməyə deyil, həm də vətəndaşların həyat keyfiyyətini maksimum dərəcədə artırmağa çalışır.

Məqalədə Türkiyədə elektrikli avtobus parkının artırılmasına diqqət yetirilib.

Nəşrdə həmçinin Türkiyədə elektromobil bazarının stimullaşdırılması və dövlət dəstəyi siyasətindən bəhs edilir, yerli “TOGG” elektromobilinin istehsalının yaradılması isə nümunə kimi gətirilir.

İstixana emissiyalarının azaldılması üzrə Yol Xəritəsinə uyğun olaraq, Türkiyədə qaçış və velosiped yollarının sayının artırılması planlaşdırılır. Elektrikli velosipedlərin təmiri üçün parklar yaradılır ki, bu da ölkədə sağlam həyat tərzinin populyarlaşmasına kömək edir.