20 noyabr 2024 13:26
132

İqlim dəyişikliyinə qarşı tədbirlər qlobal səviyyədə əməkdaşlıq tələb edir

Şimali Makedoniya turizmdə iqlim dəyişikliyinə qarşı tədbirləri gücləndirməkdə israrlıdır.

“İki sahil” xəbər verir ki, bunu Şimali Makedoniyanın mədəniyyət və turizm naziri Zoran Lyutkov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə bildirib.

Onun sözlərinə görə, Şimali Makedoniya yalnız mühüm strateji sənədlərin qəbul edilməsi, əməkdaşlıq və davamlı təcrübələrin həyata keçirilməsi vasitəsilə gələcəyin turizmini yaratmağa sadiqdir: "Şimali Makedoniya zəngin və qədim tarixə malik ölkədir. Lakin ölkəmizin malik olduğu bütün bu dəyərlər turizm fəaliyyəti üçün böyük çağırışlar yaradır və müxtəlif təsirlərə məruz qalır. Buna görə də onların qorunması bizim üçün çox mühümdür”.

Z.Lyutkov vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı tədbirlər qlobal səviyyədə birgə əməkdaşlıq və səyləri tələb edir: “Hökumət, özəl sektor, vətəndaşlar və beynəlxalq təşkilatların fəal iştirakı olmadan bu qlobal problemi həll etmək mümkün deyil. COP29 çərçivəsində nümayiş etdirilən öhdəliklər hərəkətə keçməyin vaxtının gəldiyini göstərir. Biz, yalnız əməkdaşlıq və davamlı təcrübələrlə gələcəyin turizmini yarada bilərik".