20 noyabr 2024 12:59
149

Komitə sədri: Binaları inşa edərkən yaşıl və davamlı tikinti təcrübələrini tərtib etməliyik

İqlim dəyişmələrini sürətlə artan çağırışlarla müqayisə edərkən biz tikinti sektorunun təkcə inşaat müstəvisində oynadığı rolu deyil, həmçinin davamlı şəhər inkişafı və iqtisadi artımın təmin edilməsində oynaya biləcəyi roldan da danışmalıyıq. İnşaat sənayesi iqtisadi inkişafımızın təməl daşıdır.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq mövzusunda yüksəksəviyyəli dəyirmi masa”da deyib.

O qeyd edib ki, inşaat sənayesi cəmiyyəti infrastrukturla, şəhər məkanları ilə təmin edir.

“Buna baxmayaraq biz etiraf etməliyik ki, inşaat sektoru karbon emissiyalarının atmosferə buraxılmasında, resursların tükənməsində və ətraf mühitin deqredasiyasında da rol oynayır. Eyni zamanda, başqa ölkələrdəki kimi Azərbaycanda da tikinti sənayesi uzun müddətdir ki, iqtisadi artımımıza mühüm töhfələr verir. Bu sənaye Azərbaycanda yeni iş yerlərinin açılmasına səbəb olub və vətəndaşlarımızın həyat keyfiyyətinin inkişafına əhəmiyyətli töhfələr verib. Bununla belə biz anlamalıyıq ki, bu artım qarşımızda böyük öhdəliklər qoyur ki, biz infrastrukturumuzun və binalarımızın ətraf mühitə göstərdiyi ciddi təsirini azaltmalıyıq. Binaları inşa edərkən biz yaşıl və davamlı tikinti təcrübələrini tərtib etməliyik və binalarda enerji səmərəliliyinə üstünlük verməliyik”, - deyə komitə sədri qeyd edib.

Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycan üçün hazırlanmış Yol xəritəsini vurğulayan A.Quliyev, bunun yaşıl tikinti standartlarını, enerjiyə qənaət edən tikinti təcrübələri kimi strategiyaları özündə ehtiva etdiyini bildirib.