20 noyabr 2024 12:47
124

COP29-da konsensusa nail olunmasını gözləyirik - Asao Keyitiro

Bu konfransda yeni kollektiv kəmiyyət hədəfi (NCQG) üzrə konsensusa nail olunması gözlənilir.

“İki sahil” xəbər verir ki, bunu Yaponiyanın ətraf mühit naziri Asao Keyitiro COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, Yaponiya iqlim maliyyələşdirilməsi sahəsində qlobal səylərə öz töhfəsini verib. Xüsusilə 2025-ci ilə qədər beş il ərzində inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə üçün 70 milyard ABŞ dolları məbləğində dövlət və özəl dəstək göstərməyi öhdəsinə götürüb və bu məqsədə çatmaq üçün plana uyğun şəkildə işləyir.

Nazir qeyd edib ki, bu COP-un uğuru Paris Sazişinin 6-cı maddəsinin hərtərəfli əməliyyat qaydaları üzrə qərarın qəbul edilməsini tələb edir. 6-cı maddə yüksək keyfiyyətli karbon bazarının yaradılmasına, dekarbonizasiya texnologiyaları üçün özəl maliyyə resurslarının səfərbər edilməsinin təşviqinə və beynəlxalq əməkdaşlıq vasitəsilə bütün dünyada təsirlərin yumşaldılması səylərinin genişləndirilməsinə yönəlib. Yaponiya Birgə Kreditləşdirmə Mexanizmi (JCM) vasitəsilə dünyanın dekarbonizasiyasına töhfə verəcək.

A.Keyitiro bütün tərəfləri COP29-un uğurla keçirilməsi üçün birlikdə işləməyə çağırıb və tədbirin təşkilində göstərdiyi səylərə görə Azərbaycana səmimi təşəkkürünü bildirib.