20 noyabr 2024 09:12
61

YAP tarixin sınaqlarından şərəflə çıxaraq milyonların sevgisini qazanıb

Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəlləri müasir Azərbaycan tarixinin ən ziddiyyətli və keşməkeşli dövrünü əhatə edir.  Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa edə Azərbaycan həm daxili, həm də xarici qüvvələrin siyasi hücumuna məruz qalmışdı.

Qütübləşmiş siyasi qüvvələrin bir cinahından Moskvadan asılılıqdan xilas ola bilməyən həmin dövrün hakimiyyətində təmsil olunan satqın nümayəndələr, digər cinahda isə yalançı vədlər verməklə kütlənin müəyyən bir hissəsini ələ alan və ölkəni uçuruma sürükləyən Azərbaycan Xalq Cəbhəsi adlı bir təşkilatın başında duran cahil adamlar dayanırdı. Ölkə hər gün bir qədər də parçalanmağa, məhv olmağa doğru gedirdi. Belə bir acınacaqlı durumda yeni təcrübəli, parlaq və tükənməz, hər tərəfli bacarığı olan şəxsiyyətə, əvəzsiz liderə ehtiyac duyulurdu. Bu yalnız Ümummilli lider Heydər Əliyev və onun qurucusu olduğu Yeni Azərbaycan Partiyası ola bilərdi.

Ulu Öndərin liderliyi ilə güclü siyasi təşkilat və xalqın partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin qurulması və inkişafında xidmətləri olan böyük siyasi idarəçilik məktəbidir. Ulu Öndər Heydər Əliyevin ideyaları bu partiyanı daim möhkəmləndirmiş, onun siyasi fəaliyyətində düzgün istiqamətdə davam etməsini müəyyənləşdirmişdir. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında partiya hər zaman uğurlu fəaliyyətini davam etdirmişdir. Bunun nəticəsində də xalqımız çox böyük uğurlar əldə edib, keyfiyyətcə və inkişafının yeni tərəqqi mərhələsinə qədəm qoyub.

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atmaqdadır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” –deyən cənab İlham Əliyev həqiqətən son 19 ildə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Bu səbəbdən də keçirilən bütün prezident seçkilərində xalqımız həmişə yekdilliklə ölkəni surətlə inkişaf etdirən, xalqın xoşbəxt gələcəyinə təminat verən Heydər Əliyev siyasi kursunun təntənəsinə, Yeni Azərbaycan Partiyasının sədrinə səs verir. Bu gün cənab İlham Əliyevin uğurlu, gərgin və əzimkar fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi üçün dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq yeni və daha yüksək mərhələyə çatmışdır. Tarixi ərazilərimiz düşmən işğalından azad edilmişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu günü milyonların partiyasına çevrilən, nəinki ölkənin, regionun ən aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik.  Ümummilli Liderin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi Yeni Azərbaycan Partiyasının yarandığı gündən bugünədək keçdiyi yola bələdçilik edir.  29 illik müstəqillik tariximizin ilk iki ili xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşanan bu reallıqlar  ulu öndər  Heydər Əliyevin  hakimiyyətə qayıdışını  zərurətə çevirdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma forması idi. Ulu öndər Heydər Əliyev   Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə 19 noyabr 1994-cü ildə keçirilən ümumrespublika müşavirəsində  partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirmişdir: «Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da  həqiqət üzərində  qurulmuşdur. Buna görə də, bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması  mənim təşəbbüsümlə olmayıbdır. Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində  yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.» Həmin müşavirədə Ümummilli Lider özlüyündə ortaya çıxan   «Mən bunları nə üçün xatırlayıram» sualını belə cavablandırıb: «Çünki o günlər  mənim üçün əziz günlərdir. Ona görə yox ki,  Yeni Azərbaycan Partiyası yaranıbdır.  Bu, şübhəsiz, mənim üçün əziz bir hadisədir.  Ona görə ki, bu bizim Azərbaycan vətəndaşlarının, bu partiyaya həvəs göstərən, bu partiyaya üzv olmaq istəyən, bu partiyanı qurmaq istəyən, bu partiyanı yaratmaq istəyən adamların nə qədər cəsarətli, fədakar, cəfakeş olduqlarını  göstərir.  Bu partiya, bax, belə bir şəraitdə yarandı...»

Azərbaycan Prezidenti İlham Əliyevin müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş vüsət almasında böyük rolu vardır. Bu gün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqla ünsiyyəti, ölkənin müxtəlif ictimai-siyasi institutlarına, ziyalılarına olan münasibəti bu siyasi mədəniyyətin hamıda formalaşması üçün əsl nümunədir. Hərbi strategiya, qüdrətli ordu formalaşdırma, insan kapitalının inkişaf etdirilməsi, əhalinin sağlamlıq proqramı, təhsil ənənələrini möhkəmləndirilməsi də geniş mənada siyasi mədəniyyətin tərkib hissəsinə aiddir. Bu gün tam qətiyyətlə deyə bilərik ki, bu və ya digər prioritetlər, istiqamətlər və hədəfləri Azərbaycanda təşəkkül tapması Yeni Azərbaycan Partiyası və onun qurucusu Ulu öndər Heydər Əliyevin, eləcə də bu gün onun miras qoyduğu azərbaycançılıq ənənələrini layiqincə davam etdirən YAP sədri, Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.

Bu gün Azərbaycan ailəsi vətənpərvər, igid oğulların, qızların boya-başa çatdığı mühüm təsisat olaraq hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar ki, bu sitemin uğrunda YAP-ın əvəzsiz xidmətləri vardır. Yeni Azərbaycan Partiyası istər Ulu öndərimiz Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiyadır. Bu gün də o ənənə davam edir. Prezident İlham  Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi siyasi kurs dövlətimizi gücləndirir, xalqımızın xoşbəxt və firəvan yaşamasını təmin edir. Yeni Azərbaycan Partiyasını ölkənin və regionu ən güclü partiyasına çevirir.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı