İqlim dəyişikliyi turizm sektorunu ciddi şəkildə təhdid edir və bu səbəbdən turizmin iqlim gündəliklərinə inteqrasiyasını təmin edən yeni siyasətlərin qəbulu zəruridir.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Əməliyyatların Koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami COP29 çərçivəsində keçirilən “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə bildirib.
Ç. Kapilaşrami vurğulayıb ki, turizm sektoru dünyada icmaları və mədəniyyətləri birləşdirən güclü vasitədir:
“Turizm bizi yalnız mədəniyyətlər və icmalarla deyil, onların yerləşdiyi təbii ekosistemlərlə də bağlayır, insanlıq və planetimizə qarşı empatiya və sevgi yaradır. İqlim dəyişikliyi bu sektora ciddi təhdidlər yaradır. Gözəl sahillərdən kiçik ada dövlətlərinə, qədim küçələrdən mədəniyyət paytaxtlarına qədər milyonlarla insanın dolanışığı təhlükə altındadır”.
Onun sözlərinə görə, turizm dünya iqtisadiyyatın əsas hissəsidir və qlobal ümumi daxili məhsulun 9 %-ni təşkil edir.
“Bu sahəni və onun əsaslandığı ekosistemləri qorumaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Qlazqo bizə Turizmdə İqlim Fəaliyyəti haqqında ilk Bəyannaməni təqdim etdi. İndi isə Bakıda təqdim olunan yeni bəyannamə sektorun iqlim məqsədlərinə uyğunlaşdırılması üzrə kollektiv səylərimizin miqyas və ambisiyalarını göstərir. Ölkələr yeni və innovativ yollar tapmalı, həm də planetin gözəlliyini məhv etməməlidir”, - Ç. Kapilaşrami vurğulayıb.
O əlavə edib ki, bu məqsədlərin ölkələrin milli iqlim planlarına (NDC və NAP) daxil edilməsi vacibdir: “Dekarbonizasiya, ekosistemlərin bərpası və dayanıqlığın artırılması əsas istiqamətlərdir. Azərbaycan hökumətinin liderliyini, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığını və UNEP-in dəstəyini yüksək qiymətləndirirəm. Bu təşəbbüslər dayanıqlı resurslardan istifadəyə, davamlı mobilliyə və tullantıların səmərəli idarə edilməsinə yönəlmiş innovativ transformasiya üçün mühüm addımdır”.
Ç. Kapilaşrami hesab edir ki, dövlət-özəl tərəfdaşlıqları təşviq olunmalı və sektor “net sıfır” əməliyyatlara keçid üçün maliyyə resursları ilə təmin edilməlidir: “Turizmin mərkəzində duran icmalar isə unudulmamalıdır. COVID-19 pandemiyası zamanı böyük dayanıqlılıq nümayiş etdirən bu icmaların bərpası və dayanıqlı inkişafı üçün birlikdə işləməliyik”.
O qeyd edib ki, turizm davamlılıq, ədalət və bərabərliyin təcəssümünə çevrilməlidir.