Yeni Azərbaycan Partiyası 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edərək, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilmişdir. 32-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında müstəsna rolu vardır. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi.
Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji amillər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O zaman Naxçıvandan başlanan müstəqilliyimizin qorunması və əsaslı şəkildə bu yolda mühüm işlərin görülməsində Ulu Öndər fədakarcasına xalqımıza arxalanaraq yenidən fəaliyyətə başladı. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən, Ulu Öndər Heydər Əliyevin xalq arasında hörmət və siyasi nüfuzuna söykənməklə, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı.
Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyasının siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.YAP yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib. Ən önəmli məqamlardan biri də budur ki, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir.
Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması xalqın böyük sevincinə səbəb oldu. Dövlət başçımız tarixi Zəfərdən sonra sülh təklifləri ilə çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının böyük uğurudur. Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 730 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir.
2021-ci ilin mart ayında keçirilən VII Qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Bütövlükdə isə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Ölkəmizdə dərin islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində Yeni Azərbaycan Partiyasının xidmətləri əvəzsizdir. Məhz bu ali keyfiyyətlərə görə Yeni Azərbaycan Partiyası daim öndədir, sevilir, adı hörmət və ehtiramla çəkilir, sıraları durmadan çoxalır. Qurtuluşdan Zəfərə qədər şərəfli yol keçən YAP təkcə üzvlərinin deyil, hər kəsin məbədgahı, ocağıdır. Çünki YAP istər müxalifət, istərsə də iqtidar partiyası kimi bugünümüzə qədər heç vaxt ayrı-ayrı qrupların, təşkilatların deyil, xalqın yanında dayanıb, xalqa xidmət edib və bu fəaliyyəti ilə qalibiyyətlə addımlayır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri