19 noyabr 2024 15:20
182

"Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" - Yaşıl Zonada tədbir

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda tədbir keçirilib.

Tədbir Xəzər hövzəsinin təbii irsinin qorunub saxlanmasına üstünlük verərək Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsinə həsr olunub. Ekoturizmi inkişaf etdirmək, ictimai ekoloji məsuliyyəti təşviq etmək və davamlı inkişafı dəstəkləməklə tədbir regionun ekoloji problemlərinin həllinə yönəlib. Müzakirələrdə Xəzər dənizinin mühafizəsi və regionda ekoloji ittifaqın formalaşdırılması üçün innovativ yanaşmalar araşdırılıb, birgə ekoloji strategiyalar və xüsusilə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq mövzularına diqqət yetirilib.

Tədbirdə Xəzəryanı ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji mütəxəssislər və beynəlxalq ekspertlər iştirak ediblər. Konfransda Xəzər dənizinin ekoloji vəziyyəti, mövcud təhlükələr, perspektivlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva vXəzər dənizinin gələcəyinin insanların birliyindən asılı olduğunu bildirib: "Xəzər dənizinin gələcəyi bizim birliyimizdən, cəsarətimizdən və bu gün daha yaxşı sabah üçün fürsət yaratmaq istəyimizdən asılıdır".

İqlim dəyişiklikləri üzrə COP29-un yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai çıxış edərək, Xəzər dənizinin qorunmasının regional və qlobal əhəmiyyətini vurğulayıb, Xəzər dənizinin çoxtərəfli əhəmiyyətindən danışıb:"İqlim dəyişikliyinin təsirini və Xəzər dənizinin bu xüsusda həssaslığını hər gün öz gözlərimizlə görürük. Xəzər dənizi unikaldır. Dünyanın ən böyük daxili su hövzəsidir, Azərbaycan və region üçün vacib bir sərvətdir. Bir tərəfdən, Xəzər dənizi nəqliyyat mərkəzidir. O, bir çox beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsidir və ticarətin asanlaşdırılmasına və bölgə ölkələrində iqtisadi artımın sürətləndirilməsinə kömək edən mühüm metaloji potensiala malikdir. Digər tərəfdən, Xəzər dənizi sahilyanı dəniz olduğu üçün çox həssasdır. Onun ekoloji balansı və bir çox ekosistemləri dağıdılmışdır."

Mərkəzi Asiya üzrə Regional Ətraf Mühit Mərkəzinin İqlim Dəyişikliyi Mütəxəssisi Vladimir Qrebnev əsas prioritetin əməkdaşlıq olduğunu vurğulayıb: "İqlim dəyişikliyi real problemdir. Bu problem təbii ki Xəzər dənizindən də yan keçmir. Əsas məsələ birgə səylər və əməkdaşlıqdır. Yalnız bununla biz Xəzər dənizinin ekosistemini qoruya bilərik".

Tədbirdə çıxış edənlər arasında Azərbaycan Milli Məclisinin üzvü Azər Allahverənov, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova, Nobel Sülh Mükafatı laureatı Aleksey Kokorin, Qlobal Su mühiti və Sağlamlığı İnstitutunun qurucusu və direktoru Nidal Salim, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyin sədri Şəlalə Həsənova  və digər tanınmış mütəxəssislər yer alıb.

Panel müzakirələrdə Xəzəryanı ölkələrin nümayəndələri ekosistemin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.   

Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərlinin moderatorluğu ilə davam edən panel müzakirələrdə Geologiya və Geofizika İnstitutunda coğrafiya üzrə fəlsəfə elmləri doktoru Vaqif Məmmədov, Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının sədr müavini, Rusiyanın əməkdar ekoloqu Sergey Mixailoviç Alekseyev, Nobel Sülh Mükafatı laureatı, BMT eksperti Aleksey Kokorin, Aktau Parlamentinin üzvü, EkoMangistau İctimai Birliyinin sədri Kirill Vladimiroviç Osin, AMEA-Coğrafiya İnstitutunda Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərov, Qazaxıstan Eko Forumun sədri, coğrafiya üzrə fəlsəfə doktoru Svetlana Moqilyuk, Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev, Azərbaycan Botaniklər Cəmiyyətinin üzvü Şəkər Muxtarova, Çelyabinsk Universitetində Təbiət Elmləri və Təhsil üzrə Professional İşçilər Birliyinin Su Formasiyaları Laboratoriyasının rəhbəri Konstantin Aleksandroviç Korlyakov, Türkmənistanın "Təbiətin Qorunması Cəmiyyəti" İctimai Assosasiyasının "Tebigi Kuvvat" müəssisəsinin direktoru Berkeli Atayev məruzələrlə çıxış ediblər.

Orxan Vahidoğlu, “İki sahil”