19 noyabr 2024 14:45
122

Yaşıl Zonada Lahor Sənayesinin Karbonsuzlaşdırılması üzrə Sessiya

COP29 çərçivəsində Yaşıl Zonada “Lahor Sənayesinin Karbonsuzlaşdırılması” mövzusunda sessiya təşkil olunub.

Ssessiyada Pakistanın Pəncab vilayətinin Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Departamentinin rəhbəri İmran Həmid təqdimatla çıxış edib. Nəzərə çatdırıb ki, Pəncab vilayəti Pakistanın sənaye cəhətdən inkişaf etmiş vilayətidir və burada karbon qazının atmosferə tullanması daha çox müşahidə edilir. Sənaye müəssisələrinin həddən artıq karbon ixrac etməsi bir sıra problemlər yaradır. Bu problemlərdən biri iqlim dəyişmələridir. Pakistanda son illər aramsız yağan yağışlar selə səbəb olur və bu da öz növbəsində kənd təsərrüfatının inkişafına imkan vermir. Həmçinin əhalinin miqrasiyasına gətirib çıxarır. Bu kimi problemlərin həlli üçün karbonsuzlaşma ilə bağlı tədbirlər həyata keçirilir. Bu təşəbbüslər COP29-un hədəflərinə uyğun olaraq iqlim şüurlu biznes mühiti yaratmağa xidmət edir.

Pəncabın Ətraf Mühit direktoru Ali İcaz tərəfindən Lahorda yerləşən sənaye müəssisələrində karbon neytrallığından, emissiyaların azaldılması, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaları əhatə edən sənaye sahələrində karbon neytrallığına nail olmaq strategiyalarını müzakirə edib.

Sonra “RUDA” şirkətinin baş icraçı direktoru İmran Amin tərəfindən CBD təqdimatı olub.  Baş icraçı direktor dayanıqlı şəhərsalma və yaşıl infrastrukturu vurğulayaraq, ekoloji cəhətdən təmiz şəhər inkişafı modeli kimi xidmət edən Lahorun Mərkəzi Biznes Bölgəsinin (CBD) gələcək perspektivini təqdim edib.

Beynəlxalq Əməkdaşlıq Sessiyasında beynəlxalq tərəfdaşlarla dialoqu, həmçinin Pəncabın iqlim təşəbbüslərinə dair əməkdaşlıq və investisiya imkanlarını araşdırılıb, COP29-un qlobal tərəfdaşlığa diqqətini əks etdirib. Proqram COP29-un prinsiplərinə uyğun olaraq dayanıqlı biznes, sənaye keçidi, şəhərsalma və beynəlxalq əməkdaşlığı birləşdirən Pəncabın iqlim fəaliyyətinə fəal yanaşmasını nümayiş etdirir.

Təqdimatlarda qeyd olunub ki, Pakistanın təbiəti yaşıl enerji istehsalını daha da artırmağa imkan verir. Pakistan hökuməti yaşıl enerji istehsalına sərmayə yatırmaq üçün bir sıra xarici şirkətləri ölkəyə dəvət edib. Artıq Pəncab vilayətində külək və Günəş enerjisi əldə etmək üçün stansiyalar inşa olunur. Vilayətdə avtomobil parkına da ciddi nəzarət edilir. Avtomobillərin çoxluğu havanın çirklənməsinə səbəb olan amillərdən biridir. Buna görə də vilayətdə elektromobillərin gətirilməsi üçün əlverişli şərait yaradılır.

Vurğulanıb ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərlə 2030-cu ilə kimi Pakistan karbon emissiyasını 30 faizə qədər azaltmağı planlaşdırır.

Orxan Vahidoğlu, “İki sahil”