19 noyabr 2024 11:58
252

Trend BİA COP29-un işıqlandırılmasında liderdir - beynəlxalq platformanın məlumatları 

Trend BİA Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı xəbərlərin keyfiyyəti və həcminə görə liderdir.

“İki sahil” xəbər verir ki,  müstəqil platforma olan "Medialogiya"nın araşdırma və monitorinq nəticələrinə əsasən, Trend jurnalistlərinin hazırladığı xəbərlər, materiallar və özəl müsahibələr KİV-də ən yüksək istinad səviyyəsini nümayiş etdirib.

"Medialogiya"nın məlumatına görə, Trend COP29-u rus dilində işıqlandıran media qurumları arasında nəşrlərin sayı və onlara istinad səviyyəsinə görə birinci yeri tutur. Trend-in istinad indeksi 13 098-dir. İkinci yerdə 10 775 balla Day.Az xəbər portalı qərarlaşıb. Reytinqdə daha sonra News.ru nəşri, TASS informasiya agentliyi və RİA Novosti müvafiq olaraq 6 744, 6 191 və 3 667 balla yer alıblar.

Eyni vəziyyət ingilis dilində yayımlanan nəşrlərdə də müşahidə olunur. Bakıda keçirilən COP29 ilə bağlı ən yüksək istinad indekslərindən biri də məhz Trend-ə məxsusdur.

 

Trend BİA agentliyin yüksək peşəkarlıq statusunu bir daha təsdiqləyən özəl materiallar və təhlillər təqdim edərək, COP29-la bağlı ən aktual hadisələri oxucuların diqqətinə çatdırmağa davam edəcək.