19 noyabr 2024 11:00
156

COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü elan edilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində (COP29) “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: Fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirdə qlobal miqyasda iqlim dəyişikliklərinin qida təhlükəsizliyi, kənd təsərrüfatı və su resurslarına təsiri müzakirə edilib. Tədbirdə müxtəlif ölkələrdən beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir: “Burada dayanıqlı tranformasiya və keçid məsələləri mühüm məqamlardır. Əsas məqsəd kənd təsərrüfatı tranformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir. Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin, əsas da qadın fermerlərin gücləndirilməsidir”.

Sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov vurğulayıb ki, kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir: “Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir. Onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər. Təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da fermerlərin həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”.

Daha sonra FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu son illərdə iqlim dəyişikliyinin iqtisadiyyatın bir çox sahələrinə, o cümlədən kənd əsərrüfatı sahəsinə təsir etdiyini vurğulayıb. O, mübarizə tədbirləri çərçivəsində kənd icmalarının, qadın və gənclərin fəaliyyətinin dəstəklənməsinə, iqlim maliyyəsinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb: “Son 10 il ərzində aqro-ərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlar əhəmiyyətli dərəcədə inkişaf edib. Bununla yanaşı, daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqro-ərzaq sistemlərinin daha sürətli transformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyaya ehtiyac var. Harmoniya Təşəbbüsü bu baxımdan çox önəmlidir”.

Tədbir iştirakçıları, yerli və beynəlxalq ekspertlər Bakı Harmoniya İqlim Təşəbbüsünü iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlıq üçün mühüm addım kimi qiymətləndiriblər.

Tədbir müzakirələrlə davam etdirilib.