19 noyabr 2024 10:50
153

Sunqat Yesimxanov: Qazaxıstan Hidrogen təşəbbüsünə qoşulub

Qazaxıstan Hidrogen təşəbbüsünə (Hydrogen Breakthrough Agenda) qoşulub ki, bu da ölkədə hidrogen enerjisinin inkişafına töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Sunqat Yesimxanov COP29 çərçivəsində keçirilən "Yaşıl enerji və innovasiyalar: Qazaxıstanın investisiya imkanları" adlı panel sessiyasında bildirib.

O xatırladıb ki, Qazaxıstan bu il Hidrogen Enerjisinin İnkişafı Konsepsiyasını qəbul edib və Almaniyanın “Svevind” şirkəti ilə birlikdə Mangistau vilayətində "yaşıl hidrogen” istehsalı layihəsini həyata keçirir.

Nazir müavini “yaşıl enerji” hədəflərinə çatmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib və Qazaxıstanın davamlı inkişafa sadiqliyini vurğulayıb.

"Yaşıl enerji və innovasiyalar: Qazaxıstanın investisiya imkanları" adlı sessiya COP29-da Enerji Günü çərçivəsində Qazaxıstan Energetika Nazirliyi tərəfindən təşkil edilib. Tədbir iştirakçıları Qazaxıstanın “yaşıl enerji”nin inkişafı, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması üzrə hədəf və perspektivlərini, həmçinin antropogen mənşəli metan emissiyalarının azaldılması istiqamətində dövlət tərəfindən görülən tədbirləri müzakirə ediblər.