19 noyabr 2024 10:32
141

FAO rəsmisi: Aqro-ərzaq sistemləri ərzaq təhlükəsizliyinə nail olmaq üçün açardır

Aqro-ərzaq sistemləri ərzaq təhlükəsizliyinə nail olmaq üçün açardır və çoxsaylı problemlərə, iqlim dəyişikliyinə, biomüxtəlifliyə, torpaqların deqradasiyasına və su qıtlığına həll yollarını özündə saxlayır.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" tədbirində bildirib.

Onun sözlərinə görə, son 10 il ərzində aqro-ərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyə ilə əlaqəli təşəbbüslərin, koalisiyaların, şəbəkələrin, ittifaqların və tərəfdaşlıqların əhəmiyyətli inkişafı olub: “Keçən il COP28-də 160 ölkə iqlim böhranının həlli üçün aqro-ərzaq sistemlərinin mərkəzi əhəmiyyətini tanıyan Əmirlik Bəyannaməsini imzalayıb. Bu il isə Bakıda COP29-da biz Harmoniya İqlim Təşəbbüsünü işə salırıq. Daha təsirli iqlim tədbirləri həyata keçirmək və aqro-ərzaq sistemlərinin daha sürətli transformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyaya ehtiyacımız olduğundan, bu daha yaxşı koordinasiya ambisiyasının Harmoniya Təşəbbüsünün birinci məqsədində əks olunduğunu görməkdən məmnunuq".