18 noyabr 2024 23:45
191

İnsanlar, qoruyaq təbiəti biz…

Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şagirdlərin iştirakı ilə COP29-a həsr olunmuş "İnsanlar, qoruyaq təbiəti biz" adlı tədbir keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirdə 2024-cü ilin respublikamızda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının əhəmiyyəti, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər haqqında məlumat verilmişdir. Həmçinin COP29 kimi mötəbər bir tədbirin - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin əhəmiyyəti ön plana çəkilmişdir.

Əsas məqsədi şagirdlərdə ekoloji dünyagörüşü formalaşdırmaq, onları ətraf mühitin mühafizəsi barədə maarifləndirmək olan tədbirin gedişi boyu xususi qaygiya ehtiyacı olan sagirdlər Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, tanınmış şair-publisist Rafiq Odayın "İnsanlar, qoruyaq təbiəti biz" şeir-marşını səsləndirmiş, həmçinin “Yer kürəsi xəstədir”, “Ağac və odunçu”  səhnəciklərini nümayiş etdirmişlər.

Tədbirdə şagirdlərin tullantılardan hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunmuş, sellofan paketlərdən istifadəni azaltmağa diqqət çəkmək üçün uzərində hər bir şagirdən əl işi olan qədim sənət nümunələri və tullantılardan hazırlanan təsvirlər əks olunan ekoçantalar nümayiş etdirilmişdir.

Çıxış edən məktəbin direktoru Gülnarə Abdullayeva tədbirin əsas təşkilatçıları – məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Təhminə Rüstəmli və Türkan Mehdiyevaya, o cümlədən iştirakçılara minnətdarlığını bildirmiş, zəhməti keçənlərə sertifikatlar təqdim etmişdir.

Tədbir şagirdlərin ifasında "Təbiəti qoruyaq" mahnısı ilə başa çatmışdır.

Rafiq Oday tədbir təşkilatçıları ilə əlaqə saxlayaraq yaradıclığına müraciət etdikləri üçün onlara minnətdarlığını bildirmişdir.